Son dövrlərdə daşınmaz əmlak bazarı üzrə aparılan müşahidələr göstərir ki, xüsusilə yüksək qiymət seqmentinə aid olan əmlakların satışında aktivlik nəzərəçarpacaq dərəcədə azalıb.
FED.az bu barədə ABB-nin "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" araşdırmasına istinadən xəbər verir.
Bahalı əmlaklar üzrə bazar tələbi zəifləməkdədir. Bu tip obyektlər ya uzun müddət satışda qalır, ya da onların qiymət artım tempinin daha münasib qiymət seqmentləri ilə müqayisədə dayanması müşahidə olunur. Bu tendensiyanın əsas səbəblərindən biri bazarda qiymətlərin artıq pik həddə yaxınlaşması və alıcıların yüksək büdcəli alışlara daha ehtiyatlı yanaşmasıdır.
Digər mühüm amil kimi ipoteka kreditləri üzrə mövcud limitlərin nisbətən aşağı olması qeyd edilə bilər. Bu vəziyyət alıcıların seçim imkanlarını əsasən daha ucuz qiymət seqmentinə aid mənzillərlə məhdudlaşdırır və nəticədə münasib qiymətli əmlakların bazarda daha likvid olduğu təəssüratı formalaşdırır. Sözügedən likvidlik yalnız sosial ehtiyaclarla deyil, eyni zamanda investisiya baxımından da bu seqmentə olan marağın artması ilə müşayiət olunur.
Bununla yanaşı, mənzil bazarında satışa çıxarılan obyektlərin ekspozisiya müddətinin uzanması tendensiyası müşahidə edilir. Yəni mənzillərin bazarda qalma müddəti əvvəlki dövrlərlə müqayisədə artıb. Bu hal yalnız yaşayış mənzilləri ilə məhdudlaşmır, eyni zamanda kommersiya obyektləri, torpaq sahələri və digər daşınmaz əmlak növləri üçün də keçərlidir.
Ekspozisiya müddətinin uzanması bazarda təklif və tələbin nisbətində dəyişiklik olduğunu və alıcıların qərarvermə prosesində daha selektiv davrandığını göstərir. Ümumilikdə, mövcud bazar şəraiti qiymət artımlarının yavaşladığı, alıcı davranışlarının daha rasional xarakter aldığı və investisiya marağının daha əlçatan qiymət seqmentlərinə yönəldiyi bir mərhələ kimi qiymətləndirilə bilər.










