İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 23-də Sumqayıtdakı “ASK Tekstil” MMC-yə mediatur təşkil olunub.
Eləcə də bax: “Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib, qalib şirkətin adı - AÇIQLANMAYIB
FED.az xəbər verir ki, tədbirin məqsədi media vasitəsilə sahibkarların və ictimaiyyətin müəssisə haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirməyə cəlb edilməsidir.
İlkin olaraq mediatur iştirakçıları müəssisənin infrastrukturu ilə tanış olublar. Sonra onlara müəssisənin tarixi, istehsal sahələri, texnoloji avadanlıqları, özəlləşdirmə perspektivləri barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri “ASK Tekstil” MMC-dir. Sərəncamın icrası ilə bağlı işlər başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil edilib, inventarlaşma işləri təşkil olunub, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirmə imkanları araşdırılıb.
Mediaturun bələdçisi, Əmlak Məsələləri Dövlət Xidmətinin böyük məsləhətçisi Elnur Məsimov bildirib ki, fəaliyyət profili iplik sapın, trikotaj və tekstil məhsullarının istehsalı olan, 6-4 hektar qapalı ərazidə yerləşən, ümumi faydalı ərazisi 30 min kvadratmetrə çatan, iplik istehsalı üçün dördmərtəbəli istehsalat korpusu, tekstil-trikotaj istehsalı üçün beşmərtəbəli istehsalat korpusu, sapın cütlənməsi və mahlıcın təkrar emalı üçün ikimərtəbəli istehsalat korpusu olan müəssisə investorlar üçün cəlbedicidir. Bundan əlavə, digər köməkçi sahələri, yarımstansiyası, qazanxanası, 700, 1000 və 1800 kvadratmetrlik anbar binaları mövcuddur. Yeni istehsal sahələrinin yaradılması üçün müəssisədə 3,5 hektara yaxın torpaq sahəsinin olması sahibkarlara perspektivli layihələr imkanı verəcək.
Hazırda müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində məsləhətçi şirkətin iştirakı ilə işlərə başlanılıb. Müəssisənin özəlləşdirilməsinə nüfuzlu investorların cəlb edilməsi məqsədilə Xidmət tərəfindən 30-dan artıq xarici şirkətə müraciətlə bərabər, ətraflı məlumat da göndərilib.
Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir və onlar daha ətraflı məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.
“ASK Tektil” MMC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün öncədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək. (Azərtac)