Dekabrın 24-də Sabirabad, Şabran, Şamaxı, Şəki, Qəbələ və Masallıda saxlanılan 197,56 kubmetr işlik oduncaq hərraca çıxarılacaq. Satışa təqdim olunan 11 lotun ümumi start qiyməti 21 682 manat 67 qəpikdir.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin elanına əsasən, hərracda qovaq, palıd, fıstıq, yalanqoz və şam oduncağı satışa təqdim ediləcək. Bir kubmetr üçün ilkin qiymət 28 manatdan 152 manatadək dəyişir.
Satışa çıxarılan oduncağın həcminə görə Qəbələ ilk yerdədir. Rayonda üç lot üzrə 100,01 kubmetr fıstıq oduncağı satılacaq. Bu lotların ümumi start qiyməti 15 201 manat 52 qəpikdir və hərracdakı bütün lotların ilkin dəyərinin təxminən 70%-ni təşkil edir. Ayrı-ayrı lotlar üzrə ən yüksək start qiyməti Qəbələdəki 50 kubmetrlik fıstıq oduncağına (7 600 manat), ən aşağı qiymət isə Şamaxıdakı 3,7 kubmetrlik yalanqoz oduncağına (114 manat 70 qəpik) aiddir.
Hərrac 24 dekabr 2026-cı il saat 11:00-da Bakının Nizami rayonunda, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanının ikinci mərtəbəsində keçiriləcək. İştirakçılar seçdikləri lotun start qiymətinin 10%-i həcmində beh ödəməli və sənədləri hərraca ən geci üç bank günü qalanadək təqdim etməlidirlər. Fiziki şəxslərdən şəxsiyyət vəsiqəsinin surəti ilə yanaşı VÖEN-in surəti də tələb olunur.













