"Bank sektorunda rəqəmsal transformasiyanın əsas məqsədlərindən və istiqamətlərindən biri müştərilərin hər hansı bank filialına yaxınlaşmadan maliyyə xidmətlərindən istifadə edə bilməsidir. Düşünürük ki, AzInTelecom olaraq bu istiqamətdə SİMA imzanın tətbiqini əhəmiyyətli dərəcədə genişləndirmişik".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "AzInTelecom"un Elektron İmza Həlləri bölməsinin rəhbəri Lalə İmanova "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib
Bölmə rəhbəri qeyd edib ki, ölkənin demək olar ki, bütün bankları ilə əməkdaşlıq çərçivəsində onların kütləvi müştəri xidmətlərinin rəqəmsallaşdırılmasına dəstək göstərilir:
"Ümumilikdə, SİMA imzanın yüklənmə sayı artıq 8 milyonu ötüb. Bu göstərici bir daha təsdiqləyir ki, rəqəmsal xidmətlərə tələbat artdıqca biometrik texnologiyaların tətbiqinə maraq da genişlənir".
Lalə İmanova bildirib ki, "AzInTelecom"un məqsədi yalnız Azərbaycan sərhədləri daxilində yaşayan vətəndaşlara məhsul və xidmətlər təqdim etmək deyil, eyni zamanda bu xidmətləri xarici vətəndaşlar üçün də əlçatan etməkdir:
"Artıq xarici vətəndaşlar təqdim etdiyimiz NFC texnologiyası vasitəsilə pasportlarını elektron qaydada skan edərək SİMA İmza tətbiqində qeydiyyat prosesini uğurla tamamlaya bilirlər.
Bu ildən etibarən xarici vətəndaşlar üçün nəzərdə tutulan SİMA imzanın digər platformalarla inteqrasiyası istiqamətində də işlər aparılır. Çox yaxın zamanda bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd etdiyim kimi, SİMA ekosisteminin yaradılmasında əsas məqsədimiz yalnız biometrik imza məhsullarını təqdim etmək deyil, eyni zamanda onların idarə edilməsini də sadələşdirmək və səmərələşdirməkdir".
"Bu istiqamətdə müştərilərimizə xüsusi kabinet həlli təqdim edirik. Müştərilər həmin kabinet vasitəsilə elektron imzalarını heç bir yerə yaxınlaşmadan sifariş edə, eyni zamanda əməkdaşlarına müxtəlif rollar və imza hüquqları verərək VÖEN üzrə əməliyyatların icrasını səlahiyyətləndirə bilirlər.
Beləliklə, hər hansı əməkdaş hüquqi şəxsin adından əməliyyat həyata keçirmək üçün hər dəfə rəhbər şəxsdən təsdiq almağa ehtiyac duymur. Ona verilmiş səlahiyyətlər çərçivəsində müvafiq əməliyyatları sərbəst şəkildə icra edə bilir.
Qeyd edim ki, ötən ilədək bu funksionallıq yalnız hüquqi şəxslər və dövlət qurumları üçün əlçatan idi. Lakin bu il sahibkarlardan daxil olan müraciətləri və onların real biznes ehtiyaclarını nəzərə alaraq məhsulumuzu sahibkarlar üçün də əlçatan etdik.
Burada əsas məqsəd sahibkarların gündəlik fəaliyyətini sadələşdirməkdir. Bildiyiniz kimi, sahibkarlar bir çox əməliyyatlarını mühasibləri vasitəsilə həyata keçirirlər. Artıq mühasibə verilən imza səlahiyyəti sayəsində o, sahibkardan hər dəfə ayrıca təsdiq almadan müvafiq dövlət qurumları üzərindən vergi və digər mühasibatlıq əməliyyatlarını icra edə bilir.
Beləliklə, müştərilərimiz elektron imzanı rahat şəkildə əldə etməklə yanaşı, onun idarə edilməsini də özləri həyata keçirə bilirlər", - deyə o, əlavə edib.
Lalə İmanovanın sözlərinə görə, biometrik və texnoloji məhsullar yaradılarkən şirkətlərin əsas diqqət yetirdiyi məsələlərdən biri təhlükəsizlikdir:
"Bu gün xidmətləri rəqəmsallaşdırdığımız kimi, təhlükəsizlik məsələlərinin idarə edilməsini də müştərilərin özləri üçün mümkün etməliyik. Müştərilər hər hansı üçüncü tərəfdən asılı olmadan öz təhlükəsizliklərinə nəzarət etmək istəyirlər.
Bu məqsədlə müştərilərimizə təqdim etdiyimiz funksionallıqlardan biri də "Aktiv sessiyalar" bölməsidir. Hazırda istifadəçilər SİMA İmza tətbiqində müvafiq bölməyə daxil olaraq imzalarının aktiv olduğu digər cihazları görə və idarə edə bilirlər. Əgər hər hansı cihazın aktiv olması müştəri üçün arzuolunan deyilsə, həmin cihazı dərhal deaktivləşdirmək mümkündür".
Həmçinin, o, vurğulayıb ki, beynəlxalq strategiyaya uyğun olaraq xarici bazarlara çıxış istiqamətində də işlər aparılır:
"Artıq açıldığımız bazarlardan biri Afrikadır. Hazırda bir ölkə ilə apardığımız danışıqların yekunlaşması nəticəsində çox yaxın zamanda SİMA imzanı həmin ölkəyə təqdim etməyi planlaşdırırıq. Bununla da həmin ölkənin vətəndaşları inteqrasiya olunmuş rəqəmsal platformalar vasitəsilə SİMA imzadan elektron imza kimi istifadə edə biləcəklər.
Bu, bizim üçün həqiqətən də əhəmiyyətli uğurlardan biridir. Qeyd edim ki, yalnız bir ölkə ilə deyil, bir neçə ölkə ilə danışıqlarımız davam edir. Bu səbəbdən əldə etdiyimiz nəticələri daha geniş coğrafiyada yaymağı hədəfləyirik".













