Mərkəzi Bankın nəzdində yaradılacaq Maliyyələşdirilmiş Qaimələrin Reyestri (MKR) sistemi və bu sistemin alternativ maliyyələşdirmə imkanlarına təsirləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının maliyyə sektorunun inkişafı departamentinin rəhbəri Nərgiz Şirəliyeva "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Nərgiz Şirəliyeva reyestrin yaradılmasının hansı zərurətdən irəli gəldiyini, bu istiqamətdə hansı işlərin görüldüyünü və sistemin əsas məqsədini izah edib:
"Biz iki istiqamətdə işə başlamışıq. Birincisi, faktorinq əməliyyatlarının stimullaşdırılması, ikincisi isə faktorinqdən əlavə, digər aktiv əsaslı maliyyələşdirmə alətlərinin inkişaf etdirilməsidir. Bu işlər Mərkəzi Bankın 2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir.
İlk mərhələdə texniki-iqtisadi əsaslandırma aparmışıq. Təhlillər nəticəsində müəyyən etmişik ki, hazırda texnoloji infrastruktur kifayət qədər məhduddur. Bu da maliyyə institutlarının təchizat zəncirinin maliyyələşdirilməsi məhsullarını idarə etmək imkanlarını məhdudlaşdırır. MKR sisteminin yaradılması məhz bu maneənin aradan qaldırılması yollarından biri kimi müəyyən edilib.
Bununla yanaşı, qanunvericilik təhlil olunub və mövcud boşluqlar müəyyən edilib. Bu istiqamətdə Vergi Məcəlləsinə, Mülki Məcəlləyə və digər müvafiq normativ hüquqi aktlara dəyişikliklər hazırlanıb. Hazırda həmin layihələr aidiyyəti qurumlarla razılaşdırılır".
Departament rəhbəri bildirib ki, problemin həlli yalnız texnoloji infrastrukturun yaradılması və qanunvericiliyin təkmilləşdirilməsi ilə məhdudlaşmamalıdır:
"Bu məhsulların praktikada işləkliyini təmin etmək üçün sektor iştirakçılarının məlumatlılığının artırılması da vacibdir. Bu məqsədlə potensialın artırılması proqramının hazırlanmasını da zəruri tədbirlərdən biri kimi müəyyən etmişik".
"Texnoloji infrastrukturun əsas elementi olan MKR sisteminin mahiyyətinə də toxunmaq istəyirəm.
Reyestr vasitəsilə faktorinq əməliyyatlarında istifadə olunan elektron qaimə-fakturalar barədə məlumatlar mərkəzləşdirilmiş qaydada toplanacaq və saxlanılacaq.
Bildiyiniz kimi, faktorinq alternativ maliyyələşdirmənin əsas alətlərindən biridir. Bu əməliyyat zamanı bank, bank olmayan kredit təşkilatı (BOKT) və ya faktorinq şirkəti elektron qaimə-faktura əsasında satıcının, yaxud təchizatçının maliyyələşdirilməsini həyata keçirir.
Aparılan təhlillər göstərib ki, bu prosesdə müəyyən risklər mövcuddur. Belə ki, həqiqi olmayan qaimələr maliyyələşdirməyə təqdim edilə və ya eyni qaimə üzrə bir neçə dəfə maliyyələşdirmə həyata keçirilə bilər.
Bu risklərin qarşısını almaq məqsədilə maliyyələşdirilmiş elektron qaimə-fakturalar haqqında məlumatların vahid informasiya sistemində mərkəzləşdirilmiş qaydada toplanılması qərara alınıb", - deyə o, əlavə edib.













