"Əvvəllər bazarda əsas oyunçular banklar idisə, bu gün onların sayı artıb. Artıq həm fintex şirkətləri, həm də kriptovalyuta alətləri təklif edən rəqəmsal platformalar banklar üçün rəqibə çevrilib. Bu rəqiblərlə mübarizə aparmaq üçün texnologiyaya daim investisiya etmək və onu inkişaf etdirmək lazımdır".
AMB rəsmisi: "Bankların birləşməsi kredit faizlərini artırmır"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "AFB Bank"ın Baş informasiya direktoru (CIO) Samir Babaşov "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Direktor çıxışının əsas mövzularının texnologiya, insanlar və süni intellekt olduğu üçün ilk növbədə texnologiya istiqamətində olduğunu qeyd edib:
"Bu barədə bir qədər araşdırma aparmışam. Boston Consulting Group-un 2025-ci ildə dərc etdiyi bir məqalə diqqətimi çəkdi. Həmin araşdırmada 50-yə yaxın şirkətin İT xərcləri təhlil olunub və bu xərclərin gəlirlərin təxminən 10%-ni təşkil etdiyi müəyyən edilib. McKinsey-nin oxşar istiqamətdə apardığı araşdırmada isə İT xərclərinin təxminən üçdə birinin inkişafa və yeni funksionallıqların yaradılmasına yönəldildiyi qeyd olunub.
Düşünürəm ki, bu göstəricilər İT-nin artıq yalnız dəstək funksiyasını yerinə yetirmədiyini, eyni zamanda bank biznesində strateji mövqeyə sahib olduğunu göstərir".
Samir Babaşov bildirib ki, innovativ görünmək və real innovasiya yaratmaq hər zaman eyni məna daşımır:
"Burada əsas məqamlardan biri tətbiq etdiyimiz texnologiyanın biznesin tələblərinə cavab verməsi və onun inkişafına töhfə verməsidir. Əks halda, bu, əlavə xərclərə və real nəticə verməyən layihələrə səbəb ola bilər.
Bu məqamda çıxışımın ikinci istiqaməti olan insanlara toxunmaq istəyirəm. Texnologiya nə qədər müasir və bahalı olsa da, onu düzgün istifadə etməyi bacarmayan və lazımi biliklərə sahib olmayan insanlar idarə edərsə, gözlənilən effektivliyi əldə etmək mümkün olmayacaq.
İnsanlardan danışarkən başqa bir vacib məqamı da vurğulamaq istəyirəm. Bəzən əməkdaşların yeni ideyaları və təklifləri olur, lakin bürokratik əngəllər səbəbindən bu ideyalar reallaşmır, hətta bəzən dinlənilmir. Düşünürəm ki, rəqiblərimizin daha çevik və dəyişikliklərə daha açıq olduğu bir mühitdə həmkarlarımızın yeni fikirlərinə xüsusi önəm verməliyik. Çünki bu ideyalar təkcə gələcəyin deyil, elə bugünkü bankçılığın inkişafına da töhfə verə bilər".
"Hesab edirəm ki, tətbiq etdiyimiz texnologiyalar bizə daim dəyişmək və yenilənmək imkanı yaratmalıdır. Bunun üçün dəyişikliklərə açıq insanlarla bir komandada çalışmalı, əməkdaşların ideyalarını dinləməli və onların reallaşmasına şərait yaratmalıyıq.
Üçüncü istiqamət olaraq süni intellektə toxunmaq istəyirəm. Həmkarlarımız çıxışlarında süni intellekt haqqında geniş danışdılar. Mənim bu məsələyə yanaşmam ondan ibarətdir ki, süni intellekt insanları əvəz etməməlidir. Əksinə, insanların işini optimallaşdırmalı, onların fəaliyyətini daha səmərəli etməli və iş prosesində onlara dəstək olmalıdır", - deyə o, əlavə edib.















