Uzun illər dünya turizmində ilk 10-da, son illərdə isə ilk 5-də olan Türkiyə bu il ilk dəfə ilk 3-lüyə daxil olmağı bacarıb.
Türkiyə 2023-də 60 milyon nəfər turist və 56 milyard dollar gəlir - GÖZLƏYİR
FED.az xəbər verir ki, Antalya Şəhər Şurası Turizm İşçi Qrupunun sədri Rəcəb Yavuz Dünya Turizm Təşkilatının (UNWTO) 2022-ci ilin turizm hesabatı haqqında məlumat verib.
Yavuz bildirib ki, bu il dünya turizm reytinqində ciddi dəyişikliklər var. Pandemiyadan əvvəl ilk 10-luqda olan ölkələrin bəziləri kənarda qalıb, siyahıya yeni ölkələr daxil olub.
Yavuz, Türkiyənin İtaliyanı geridə qoyaraq tarixində ilk dəfə Dünyada 3-cü yerə yüksəldiyini qeyd edib:
"Bu il ən çox turist qəbul edən ilk 3 ölkə - Fransa, İspaniya və Türkiyə olub. İlk dəfə olaraq ilk 10-luğa İsrail və Yunanıstan da daxil olub”, - deyə o bildirib.
UNWTO-nun açıqladığı məlumatlara görə, Fransa 82 milyon, İspaniya 74 milyon, Türkiyə 51 milyon, İtaliya 50 milyon, ABŞ 50 milyon, Meksika 40 milyon, Yunanıstan 29 milyon, İngiltərə 28 milyon, İsrail 27 milyon, Almaniya 25 milyon nəfər turist qəbul edib. (Marja)