Xəbər verildiyi kimi, Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi üçün bu sahəyə ciddi dəstək tədbirləri planlaşdırılır. Bu yeniliklər prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Azərbaycanda yenilik: Hotel tikənlərə hər yeni otağa görə - SUBSİDİYA VERƏCƏKLƏR
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, dəstək tədbirləri bir neçə yerə ayrılır. Bunlardan biri də turizm sahəsinə yatırımları artırmaq, sahibkarları bu sahəyə pul qoymağa sövq etmək üçün sırf maliyyə dəstəyinin göstərilməsidir.
Belə ki, yeni hotellərin tikintisindən tutmuş, turizm kreditlərinin faizlərinin subsidiyalaşlmasına, xaricdən turist gətirən turoperatorların və yeni reyslərə dəstəyədək bəzi yeni adımlar atılacaq.
Proqramda biznesi maraqlandıran əsas istiqamətlərindən biri “Turizmdə investisiyalar və dövlət–özəl tərəfdaşlığı”dır. Bu istiqamətə əsasən hökumət turizm sektorunda əlverişli investisiya mühitinin yaradılması üçün daha çevik subsidiya və təşviq mexanizmləri qurmaq niyətindədir. Bunlar aşağıdakılardır:
Yeni hotel tikən investor hər otağa görə subsidiya ala biləcək
Proqramdakı ən diqqətçəkən yeniliklərdən biri yeni hotel otaqlarının yaradılmasının birbaşa subsidiyalaşması olacaq.
Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyi verilməsi nəzərdə tutulur.
Sənəddə bunun mexanizmi də konkret göstərilir: “yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiyanın verilməsi” üçün normativ hüquqi akt hazırlanacaq. Akt təsdiq edildikdən sonra subsidiya mexanizminin tətbiqinə başlanacaq. Məqsəd yerləşmə vasitələrinin birdəfəlik tutumunun artırılmasıdır.
Bu, praktik olaraq o deməkdir ki, məsələn, sahibkar yeni 100 otaqlı hotel inşa edərsə, gələcəkdə müəyyən ediləcək şərtlərə cavab verdiyi halda 100 yeni otağa görə dövlət dəstəyi almaq imkanı yarana bilər.
Dövlət proqramında bu tədbir pul bolluğundan deyil, hotellərin azlığından yaranan cidi ehtiyacdır. Hökuməti etiraf edir ki, ölkədə hotel sayı və nömrə sayı azdır. Son dövrlər ölkədə çoxsaylı otellər tikilsə də, Azərbaycanda otellərin sayı dünya ölkələrindən geri qalır - Dünya İqtisadi Forumunun məlumatlarına görə, Azərbaycanda hər 100 nəfərə düşən hotel otaqlarının sayı 2021-ci ildə cəmi 0,25 olub və bu göstərici dünya orta səviyyəsindən 2,6 dəfə aşağıdır.
Hələlik Proqramda otağa görə subsidiyanın konkret məbləği göstərilmir, bu digər sənədlərlə müəyyən ediləcək.
Turizm layihələri üzrə bank krediti faizinin bir hissəsini dövlət ödəyəcək
İkinci böyük yenilik turizm investisiyalarının maliyyələşdirilməsi ilə bağlıdır.
2026–2030-cu illərdə turizm və rekreasiya zonalarında müəyyən investisiya layihələrinin manatla götürdükləri kreditlər üzrə faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur.
Dəstək dairəsinə hotellər və digər yerləşmə vasitələri ilə yanaşı, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri də daxil edilir. Bu qayda indiyədək digər sahələrdə, o cümlədən kənd təsərrüfatında və sair bizneslərdə tətbiq edilir. İndi isə turizm sahəsiə də bundan faydalana biləcək.
Tədbirlər Planından məlum olur ki, faiz subsidiyalarının verilməsi dövlət büdcəsindən Azərbaycan Biznesinin İnkişafı Fonduna ayrılan vəsait çərçivəsində həmin Fond vasitəsilə həyata keçiriləcək. Məsələn, sahibkar turizm və rekreasiya zonasında yeni hotel layihəsi üçün bankdan manatla kredit götürürsə, gələcək mexanizmin şərtlərinə uyğun olduğu halda kredit faizinin müəyyən hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması mümkün olacaq.
Hələlik burda da dəqiqləşdirmə lazımdır, çünki proqramda göstərilmir ki, kreditin hansı hissəsini dövlət ödəyəcək. Amma indiyədək tətbiq olunan təcrübəyə əsasən dövlət kredit faizinin 8%-ni ödəməyə hazırdır bir şərtlə ki, kredit faizi illik 13%-i keçməsin. Yəni, məsələn, sahibkar bankdan 13%lə kredit götürübsə, bunun 8%-ni dövlət ödəyəcək.
Turizm layihələri “investisiya təşviqi” sisteminə daxil ediləcək
Daha bir ciddi dəyişiklik turizm layihələrinin investisiya təşviqi mexanizminə daxil edilməsidir.
2026–2027-ci illərdə turizm fəaliyyəti ilə bağlı layihələrin “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” siyahısına əlavə edilməsi planlaşdırılır.
Bununla yanaşı, turizm layihələri üçün tələb ediləcək minimal investisiya məbləğləri müəyyənləşdiriləcək və normativ aktlar təsdiq edildikdən sonra turizm layihələrinə investisiya təşviqi sənədinin verilməsinə başlanacaq.
İnvestisiya təşviqi sənədinin verilməsi o deməkdir ki, bu layihə üçün xaricdən alınan məhsul və xidmətlər ƏDV və sair vergilərdən aad edilə bilər.
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
Dövlət Proqramında təkcə indiyədək mövcud olan bizneslərə dəstək deyil, yeni investisiya ərazilərinin yaradılması da planlaşdırılır.
2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonasının yaradılması, bu zonaların daxilində isə azı 3 turizm mərkəzinin formalaşdırılması nəzərdə tutulub.
Dövlət həmin ərazilərdə sosial, mədəni, inzibati və mühəndis-kommunikasiya infrastrukturu yaradacaq yəni bu ərazilərdə turizm obyekti tikmək üçün lazım olan yol, qaz, su, elektrik xətləri çəkiləcək. Nəticədə artıq bu ərazidə iş qurmaq daha asan olacaq. məsələ bundadır ki, hazırda infrastruktur problemi biznes üçün əsas çətinliklərdən biridir. Xüsusilə bölgələrdə sahibkarlar turizm obyekti inşa etmək üçün əvvəlcə çoxsaylı infrastrastruktur problemlərini, xüsusilə də işıq, qaz, su məsələləri həll etməli olurlar. Bu da sahibkarlardan böyük resurs və maddi imkan tələb edir. İndi isə, yeni proqrama əsasən azı 3 ərazidə bu məsələni dövlət həll edəcək.
Yəni, sadə desək, dövlət ərazini və əsas infrastrukturu hazırlayır → özəl investor gəlir → hotel, restoran, əyləncə və digər turizm biznesləri yaradılır.
Xaricdən turist gətirən turoperatorlara subsidiya
Birbaşa subsidiya təkcə hotel tikənlərə aid olmayacaq. Dövlət Proqramında Azərbaycana əcnəbi turist gətirən turoperatorlara turist sayına görə subsidiya verilməsi ayrıca tədbir kimi nəzərdə tutulub.
Tədbirlər Planına görə, mexanizm 2026–2027-ci illərdə hazırlanmalıdır. Əvvəlcə subsidiya şərtləri müəyyən ediləcək və müvafiq normativ hüquqi aktlar hazırlanacaq, daha sonra aktlar təsdiqlənəcək və subsidiya mexanizminin tətbiqinə başlanacaq. Bu mexanizm praktik olaraq dövlətin gəlmə turizminin satışına birbaşa iqtisadi stimul verməsi deməkdir.
Məsələn, xarici turoperator və ya yerli incoming operator müəyyən bazardan Azərbaycana turist qrupu gətirirsə, gələcək qaydalara uyğun olaraq gətirilən turistlərə görə subsidiya ala bilər.
Bu məbləğ də hələlik məlum deyli, amma bir turistdən hətta 100-200 manat dəstək də turizm şirkətləri üçün ciddi dəstəkdir.
Çarter reyslərinə görə də dövlət dəstəyi gəlir
Proqramda Azərbaycana turist gətirilməsini artırmaq üçün aviasiya sahəsində də iki yeni subsidiya mexanizmi nəzərdə tutulur.
Birincisi, Azərbaycana qeyri-müntəzəm – çarter reyslərinin təşkilinə çəkilən xərclərin kompensasiyasıdır. Yəni turizm şirkəti ölkəyə turistlərin gətirilməsi üçün çatter reyesi təşkil edirsə, bu xərcin müəyyən hissəsini dövlət ödəyəcək.
İkincisi, əsas tədbir isə hədəf turizm bazarlarından, yəni Azərbaycanın turis cəlb eləmək istədiyi ölkələrdən, buraya əlavə müntəzəm aviareyslərin təşkilinə subsidiya verilməsidir.
Yəni burada söhbət bir dəfə təşkil edilən çarter reysindən deyil, müntəzəm, yəni həmişə davam edən təyyarə reysindən gedir. Bu addım turizm şirkətləririni artıq xarici turistlərlə deyil, xarici aviaşirkətlərlə danışıq aparmağa və onları Azərbaycana reyslər açmağa razı salmağa həvəsləndirməlidir.
Hər iki mexanizm üzrə subsidiya şərtlərinin hazırlanması, normativ hüquqi aktların qəbul edilməsi və mexanizmin tətbiqinə başlanılması 2026–2027-ci illər üçün nəzərdə tutulub.
Yəni dövlət yalnız “Azərbaycana gəlin” reklamına vəsait ayırmaqla kifayətlənməyərək, turistin ölkəyə faktiki gətirilməsinin iqtisadi xərcinin bir hissəsini də qarşılamağı planlaşdırır.
Konsert və əyləncə təşkil edənlər də subsidiya ala biləcəklər
FED.az-ın daha əvvəl xəbər verdiyi kimi, proqramda daha bir maraqlı istiqamət event turizminin dövlət tərəfindən stimullaşdırılmasıdır. Turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert və əyləncəli proqramların təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiya edilməsi üçün subsidiya mexanizmi yaradılacaq.
«Turizm əhəmiyyətli» dedikdə nə nəzərdə tutulursa, proqrama əsasən, bu da 2026–2027-ci illərdə əvvəlcə dəqiqləşdiriləcək. Turizm əhəmiyətli konsertlərin meyarları və subsidiya şərtləri müəyyən ediləcək, daha sonra dəstək mexanizm işə düşəcək.
Bu yanaşmanın iqtisadi məntiqi ondan ibarətdir ki, böyük konsert və tədbir yalnız bilet satışından gəlir yaratmır. Belə tədbir üçün ölkəyə gələn turist hotel, restoran, taksi, alış-veriş və digər xidmətlərə də pul xərcləyir.
Kiçik turizm bizneslərinə ayrıca subsidiya
Dövlət dəstəyi yalnız iri hotel və investorlara yönəlməyəcək.
Proqram turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə ayrıca subsidiya dəstəyinin verilməsini də nəzərdə tutur.
Bu mexanizmin də 2026–2027-ci illərdə hazırlanması, subsidiya şərtlərinin müəyyən edilməsi və normativ akt qəbul edildikdən sonra tətbiqinə başlanılması planlaşdırılır.













