Azərbaycanda yeni otel tikən investorlara oteldəki hər yeni otağa görə subsidiya ödəniləcək.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Proqramda diqqətçəkən yeniliklərdən biri yeni hotel otaqlarının yaradılmasının birbaşa subsidiyalaşdırılmasıdır.
Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyi verilməsi nəzərdə tutulur.
Sənəddə bunun mexanizmi də konkret göstərilir: yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiyanın veriləcək. Sənəddə bu yeniliyin tətbiqi üçün normativ hüquqi akt hazırlanacaq. Akt təsdiq edildikdən sonra subsidiya mexanizminin tətbiqinə başlanacaq. Məqsəd yerləşmə vasitələrinin birdəfəlik tutumunun artırılmasıdır.
Bu, praktik olaraq o deməkdir ki, məsələn, sahibkar yeni 100 otaqlı hotel inşa edərsə, gələcəkdə müəyyən ediləcək şərtlərə cavab verdiyi halda 100 yeni otağa görə dövlət dəstəyi almaq imkanı yarana bilər.
Hələlik yeni tikiləcək otel otaqlarına görə ödəniləcək subsidiyanın konkret məbləği göstərilmir. Məbləğ, meyarlar və digər şərtlər sonradan hazırlanacaq normativ hüquqi aktlarla dəqiqləşdiriləcək.













