Nazirlər Kabineti “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ni təsdiqləyib.
Elektron satınalmanın keçirilməsi qaydaları - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, yeni kodeksin təsdiqi ilə əlaqəda “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında” qərar ləğv edilib.
Davranış Kodeksi satınalmalarda maraqların toqquşmasının aradan qaldırılması məsələlərini, satınalmalara cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsini, satınalmalara cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyətini, peşə hazırlığını və onların yoxlanılması norma və qaydalarını müəyyən edir, şəxsi məsuliyyət, qanuna riayət edilməsi, ictimaiyyətlə münasibətdə etik davranış və digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir.
Satınalmalara cəlb olunan hər bir əməkdaş Davranış Kodeksinin müddəalarını ətraflı öyrənməli və onun tələblərinə əməl etməlidir. Satınalmalara cəlb olunan vəzifəli şəxs qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və öz vəzifə səlahiyyətlərindən qanunsuz olaraq şəxsi maraqları üçün istifadə etməməlidir.
Qərara əsasən, Satınalmalarda korrupsiyanın qarşısının alınması tədbirləri müəyyənləşir. Satınalmalara cəlb olunan vəzifəli şəxslər qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidirlər. Satınalmalar zamanı bu satınalmalara cəlb olunan vəzifəli şəxsə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, həmin vəzifəli şəxs onlardan imtina etməlidir.
Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Satınalmalara cəlb olunan vəzifəli şəxs “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı dəyərdə olan hədiyyə qəbul edə bilməz.
Qəbul edilmiş hədiyyənin dəyərindən asılı olmayaraq, əməkdaş qəbul edilmiş hədiyyə və ya xidmətlər barədə öz rəhbərini məlumatlandırmalıdır. Davranış Kodeksinə əməl olunmasına nəzarət xidməti qaydada dövlət orqanının rəhbəri, tabelilik əsasında isə yuxarı orqan tərəfindən həyata keçirilir.
Dövlət orqanının rəhbərinin vəzifələri aşağıdakılardır:
- tabeliyində olan və satınalmalara cəlb olunan vəzifəli şəxslərin xidməti davranışlarının bu Davranış Kodeksi ilə müəyyən olunan davranış qaydalarına uyğunluğuna nəzarət etmək və onun təhlilini aparmaq;
- öz davranışı ilə Davranış Kodeksinin tələblərinin yerinə yetirilməsi üzrə nümunə olmaq;
- tabeliyində olan vəzifəli şəxsləri hüquqa və etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməmək;
- davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək;
- davranış qaydalarını pozan vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;
- davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmaq;
- davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görmək;
- davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
Satınalan təşkilat tərəfindən satınalma komissiyası formalaşdırıldığı tarixdən etibarən 3 (üç) ay ərzində komissiyanın hər bir üzvü peşə hazırlığının təmin edilməsi məqsədilə dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi barədə təlimə cəlb edilir. Hər bir komissiya üzvü 2 (iki) ildə bir dəfədən az olmayaraq qeyd edilən təlimə cəlb edilir və onlara bu barədə təsdiqedici sənəd təqdim edilir. Belə təsdiqedici sənəd satınalan təşkilat tərəfindən nəzarət orqanına onun tələbi ilə təqdim edilməlidir.
Satınalmalara cəlb olunan vəzifəli şəxs xidməti vəzifəsinin məsuliyyətini dərindən dərk etməli, vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidir. Davranış Kodeksində təsbit olunmuş tələb və qaydalara satınalmalara cəlb olunan vəzifəli şəxs tərəfindən əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin tələb və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti yaradır. İntizam məsuliyyəti yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti araşdırmanın nəticələrinə əsasən müəyyən edilir.
Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:
- Davranış Kodeksinin müddəalarının satınalmalara cəlb olunan vəzifəli şəxs tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumat daxil olduqda;
- mediada satınalmalara cəlb olunan vəzifəli şəxs tərəfindən bu Davranış Kodeksinin tələblərinin pozulmasına və maraqların toqquşmasına yol verilməsi barədə məlumat dərc edildikdə.
İntizam icraatı zamanı satınalmalara cəlb olunan vəzifəli şəxs tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hüquq-mühafizə orqanına məlumat verməlidir.