«Mars», «M&M» və «Snickers» kimi dünya brendlərinin sahibi olan «Mars» şirkəti «Pringles», «Cheez-It» və «Pop-Tarts» kimi brendlərin istehsalçısı olan «Kellanova»nı 36 milyard dollara alacağını açıqlayıb.
FED.az xəbər verir ki, «Mars» şirkətinin açıqlamasında, şirkətin «Kellanova»nın hər bir səhmini 83,50 dollara, xalis borcla birlikdə cəmi 36 milyard dollar dəyərində nağd şəkildə alması üçün razılığın əldə edildiyi bildirilib.
Açıqlamada, bildirilir ki, satınalma tamamlandıqdan sonra «Kellanova» şirkəti «Mars Snacking»in bir hissəsi olacaq və bu «Mars»ın bütün dünyada daha çox istehlakçıya çatmasını təmin edəcək.
Açıqlamada, razılaşmanın Kellanova İdarə Heyəti tərəfindən yekdilliklə təsdiqləndiyi, satın almanın Kellanovanın səhmdarları və tənzimləyicilərinin təsdiqinə tabe olduğu və əməliyyatların 2025-ci ilin ilk yarısında tamamlanmasının gözlənildiyi ifadə edildi. .
Xatırladaq ki, 100 ildən artıq tarixə malik olan «Kellanova»nın tərkibində «Pringles», «Cheez-It», «Pop-Tarts», «Rice Krispies Treats», «NutriGrain» və «RXBAR» kimi qəlyanaltı brendləri, həmçinin «Kellogg's», «Eggo» və «MorningStar Farms» kimi qida brendləri var.
«Kellanova» böyük şirkət olmaqla yanaşı, həm də böyük gəlirlə işləyir. 2023-cü ildə şirkətin xalis satışları 13 milyard dolları keçib, şirkət 180 bazarda mövcuddur və təxminən 23 min işçisi var.
«Kellanova» ilə birləşmə «Mars» şirkətinə imkan verəcək ki, «Snickers», «M&M's», «Twix», «Dove» və «Extra» kimi şirniyyat markaları ilə yanaşı «Kind» və «Nature's Bakery» kimi markaların da yer aldığı satış həcmini və portfelini genişləndirsin. Hazırda «Mars»ın satışları ildə 50 milyard dollardır, burada 150 min işçisi var.