Azərbaycan Mərkəzi Bankının nəzarəti zamanı “Anex Lombard” MMC-də çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tələblərinin pozulduğu müəyyən edilib.
FED.az xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələri əsasında 2 min manat cərimə olunub.
Qanunvericiliyə əsasən, 598.1.1-ci maddə maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirləri, məlumat və sənədlərin saxlanılması və üçüncü şəxslərə güvənmə ilə bağlı tələblərə əməl edilməməsini, 598.1.2-ci maddə isə daxili nəzarət proqramının tətbiq edilməməsini və ya tam tətbiq edilməməsini nəzərdə tutur.
Vergi məlumatlarına görə, “ANEXS LOMBARD” MMC Şirkət 30 sentyabr 2019-cu ildə təsis edilib, şirkətin nizamnamə kapitalı 100 min manatdır. Şirkətin hüquqi ünvanı Şirvan şəhərindədir, direktoru Asəf İsgəndərov Arif oğludur.












