Heyvandarlıq təsərrüfatları üçün tətbiq edilən yeni subsidiya mexanizmi Azərbaycanda örüş və otlaq torpaqlarının qiymətinin, eləcə də icarə haqlarının artmasına səbəb ola bilər.
Azərbaycanda əkin sahələri süni intellektlə yoxlanıldıqdan sonra subsidiya veriləcək
Bu barədə FED.az biznes və maliyə xəbərləri portalına Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, yeni qəbul olunmuş qərarların təsiri ilk növbədə iri örüş və otlaq sahələrində hiss oluna bilər. Xüsusilə 100 hektardan artıq örüş və otlaq sahəsinə malik təsərrüfatların subsidiyadan yararlanması belə torpaqlara münasibəti dəyişəcək.
Ekspert bildirir ki, indiyədək bəzi hallarda boş və ya iqtisadi dəyəri aşağı olan sahə kimi qiymətləndirilən örüş və otlaqlar artıq gəlir yaradan kənd təsərrüfatı aktivi kimi qəbul edilə bilər.
“Bu, xüsusilə heyvandarlığın inkişaf etdiyi rayonlarda torpağa tələbi artıra bilər”, – Vüqar Oruc qeyd edib.
İcarə haqları da arta bilər.
Ekspert hesab edir ki, dəyişiklik yalnız torpaqların satış qiymətinə deyil, onların icarə dəyərinə də artırıcı təsir göstərə bilər.
Yeni mexanizmə əsasən, 500 və daha çox heyvan saxlayan təsərrüfatlar üçün hər heyvana görə 4 manat subsidiya nəzərdə tutulur. Beləliklə, məsələn, 1 000 baş heyvanı olan təsərrüfat üçün subsidiya məbləği 4 000 manat təşkil edə bilər.
Vüqar Məmmədovun fikrincə, subsidiya hesabına təsərrüfatın gəlirliliyinin yüksəlməsi torpağın iqtisadi rentabelliyinə də təsir göstərəcək.
“Torpaq təsərrüfat üçün daha çox gəlir yaratmağa başladıqca, örüş və otlaq sahələrinin icarə haqqına da təzyiq yaranacaq. Bu, həmin torpaqların icarə qiymətlərinin müəyyən dərəcədə artmasına səbəb ola bilər”, – ekspert bildirib.
Torpağın sadəcə sahəsinə deyil, keyfiyyətinə də baxılacaq
Vüqar Oruc hesab edir ki, yeni yanaşma kənd təsərrüfatı torpaqlarının qiymətləndirilməsi meyarlarını da dəyişə bilər.
Əgər əvvəllər torpaq alarkən onun keyfiyyəti bütün hallarda əsas amil hesab edilmirdisə, bundan sonra alıcılar torpağın münbitliyinə, suvarma imkanlarına, yerləşdiyi əraziyə və digər keyfiyyət göstəricilərinə daha çox diqqət yetirə bilərlər.
Örüş və otlaq sahələrində isə münbitliklə yanaşı, biomüxtəliflik və yem potensialı da əhəmiyyət qazanacaq.
Ekspertin sözlərinə görə, gələcəkdə belə torpaqların qiymətləndirilməsi zamanı təkcə hektar sayı deyil, sahənin məhsuldarlığı və heyvandarlıq üçün nə qədər yem bazası yarada bilməsi də mühüm göstəricilərdən biri olacaq.
Bununla yanaşı, “yaşıl iqtisadiyyat” prinsipləri və ekoloji tələblərin güclənməsi də torpaqdan istifadə və onun iqtisadi dəyərinin müəyyənləşdirilməsində yeni amillər yaradacaq.
Tövlə, anbar və çoban evlərinə tələbat arta bilər
Yeni subsidiya mexanizminin təsiri yalnız torpaq bazarı ilə məhdudlaşmaya bilər.
Vüqar Məmmədov bildirir ki, heyvandarlığın gəlirliliyi artdıqca təsərrüfatların genişlənməsi əlavə kənd təsərrüfatı infrastrukturuna ehtiyac yaradacaq.
Söhbət heyvanların saxlanılması üçün tövlələrdən, yemin saxlanılması üçün anbarlardan, digər təsərrüfat tikililərindən və çoban evlərindən gedir.
Ekspert hesab edir ki, xüsusilə heyvandarlığın intensiv olduğu rayonlarda belə obyektlərə tələbatın yüksəlməsi dolayısı ilə həmin ərazilərdə daşınmaz əmlak qiymətlərinə də təsir göstərə bilər.
İri torpaqlar daha likvid ola bilər
Vüqar Məmmədov yeni qaydaların torpaq bazarında başqa bir tendensiyanı da dəyişə biləcəyini bildirir.
İndiyədək kənd təsərrüfatı torpaqlarının likvidliyində sahənin kiçik olması üstünlük yaradırdı. Kiçik torpaq sahələri daha münasib qiymətə olduğuna və daha geniş alıcı kütləsinə əlçatan olduğuna görə daha asan satılırdı.
Yeni yanaşma isə iri torpaq sahələrinə marağı artıra bilər.
Ekspertin fikrincə, böyük heyvandarlıq təsərrüfatlarının subsidiya mexanizmindən yararlanması üçün iri örüş və otlaq sahələrinə ehtiyac yaranması belə torpaqların potensial alıcılarının sayını artıra bilər.
Nəticədə iri örüş və otlaq sahələrinin həm likvidliyi, həm də bazar qiyməti arta və belə torpaqlar kiçik sahələrlə müqayisədə daha yüksək qiymətləndirilə bilər.












