Azərbaycanda qida istehsalı, emalı, satışı və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla bağlı yeni tələblər tətbiq ediləcək.
Azərbaycanda qida təhlükəsizliyi üzrə - Yeni Dövlət Proqramı təsdiqlənib - FƏRMAN
FED.az xəbər verir ki, bu, Prezidentin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Proqram qida istehsalçılarından tutmuş restoranlara, küçə ticarətindən ev şəraitində hazırlanan məhsulların satışına qədər geniş sahəni əhatə edir.
Qida müəssisələrinin 80%-də HACCP hədəfi
Proqramın sahibkarlar üçün ən mühüm istiqamətlərindən biri qida müəssisələrində HACCP-a – Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminə əsaslanan daxili nəzarətin genişləndirilməsidir.
2027–2031-ci illərdə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələrin hazırlanması, qida müəssisələrinin sistemin tətbiqi üzrə təlimlərə cəlb edilməsi və nəticədə qida müəssisələrinin 80%-də HACCP-ın tətbiqinə nail olunması nəzərdə tutulur.
Evdə hazırlanan qidaların satışı ayrıca tənzimlənəcək
Dövlət Proqramında sahibkarlar üçün diqqət çəkən ən mühüm yeniliklərdən biri ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qidaların bazara çıxarılması ilə bağlıdır.
2028–2032-ci illərdə belə məhsulların bazara yerləşdirilməsi üçün ayrıca mexanizmin yaradılması nəzərdə tutulur.
Plana əsasən, əvvəlcə ev və ailə təsərrüfatlarında hazırlanan qidaların satış mexanizmi ilə bağlı təkliflər hazırlanacaq, daha sonra hüquqi baza formalaşdırılacaq və yekunda tənzimləmə mexanizmi tətbiq ediləcək.
Bununla belə, Dövlət Proqramında hansı konkret qida növlərinin bu qaydalara daxil olacağı və hansı sənədlərin tələb ediləcəyi hələ göstərilmir. Bunlar sonrakı normativ sənədlərlə müəyyən edilməlidir.
Küçədə qida satışına nəzarət güclənəcək
Proqramda digər dəyişiklik qanunsuz küçə qida ticarəti ilə bağlıdır. 2028–2032-ci illərdə bu sahədə nəzarətin gücləndirilməsi, müxtəlif dövlət qurumlarının iştirakı ilə birgə nəzarət mexanizminin formalaşdırılması və qanunsuz küçə ticarəti hallarının azaldılması nəzərdə tutulur.
Bu istiqamətdə Daxili İşlər Nazirliyi, AQTA, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumların iştirakı nəzərdə tutulub.
Məhsullar üçün xüsusi etiketləmə sistemi
Dəyişikliklər qida məhsullarının etiketlərinə də toxunacaq.
2028–2032-ci illər ərzində sağlam qidalanmanın təşviqi məqsədilə xüsusi etiketləmə yanaşmasının tətbiqi planlaşdırılır.
Əvvəlcə müxtəlif ölkələrdə istifadə edilən xüsusi etiket qiymətləndirmə sistemləri araşdırılacaq, sonra yeni etiketləmə sisteminin faydaları barədə maarifləndirmə aparılacaq. Dövlət Proqramının yekun hədəflərindən biri xüsusi etiketləmənin qida istehsalçıları tərəfindən tətbiq olunmasıdır.
Qidanın haradan gəldiyini izləmək mümkün olmalıdır
Sahibkarlara birbaşa təsir göstərəcək digər əsas istiqamət qida məhsullarının izlənilməsi sisteminin tamamlanmasıdır.
Dövlət Proqramının strateji hədəfləri arasında qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə normativ hüquqi aktlara uyğunlaşdırılması və qida məhsullarının izlənilməsi sisteminin qurulmasının başa çatdırılması ayrıca göstərilib.
İzlənilmə prinsipi qidanın istehsal və emaldan başlayaraq tədarük, saxlama və satış mərhələlərinədək hərəkətinin müəyyən edilə bilməsini nəzərdə tutur.
Ət kəsiminə yaş və çəki tələbləri hazırlana bilər
Proqram ət və heyvandarlıq biznesi üçün də yeni tənzimləmə nəzərdə tutur.
2027–2029-cu illərdə iri və xırdabuynuzlu heyvanların yaşı, çəkisi və cinsi nəzərə alınmaqla kəsilməsinin tənzimlənməsi üzrə beynəlxalq təcrübə araşdırılacaq.
Bundan sonra heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsi ilə bağlı vəziyyət öyrəniləcək, kəsim üçün yaş, çəki və cinsdən asılı tələblərin müəyyənləşdirilməsinə dair təkliflər hazırlanacaq və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.













