Neft bazarlarında qiymət müharibəsində qazanan və uduzanlar kimlər olacaq?
Maliyyə bazarları üzrə ekspert, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) ekspertlər qrupunun sədri Elman Sadiqov son dövrlər dünyada baş verən "neft qiyməti müharibələri", onun səbəbləri və mümkün nəticələri ilə bağlı fikirlərini bölüşüb.
ABŞ-da Respublikaçı senator Kevin Kramer Prezident Donald Trampa Rusiya və Səudiyyə Ərəbistanından neft idxal etməməyə və neft idxalına embarqo qoyaraq hər 2 ölkəni cəzalandırmaq üçün müraciət edib. İlk baxışda sadə bir müraciətdir, deyilmi? İlk baxışda sadə görünsə də, dərin məsələləri əhatə edən müraciətdir və ABŞ-ın hər bir hadisəni və vəziyyəti peşəkarlıqla öz lehinə necə çevirə bilməsi bacarığını göstərir. Məsələni təhlil edək.
Birincisi, hazırda ucuz neft qiymətləri kimə daha çox sərf edir? - Neft idxalçısı olan ölkələrə. ABŞ, Çin, Avropa, Yaponiya, Cənubi Koreya və sair.
Sual oluna bilər ki, ABŞ özü ən çox neft istehsal və ixrac edən ölkədir. Ucuz neft qiymətləri zərərli deyilmi? Bəli, daha yüksək maya dəyəri olan şist neft istehsalçısı olan ABŞ şirkətləri zərərdədir. Lakin, ABŞ hazırda dünya bazarlarında Rusiya və Səudiyyə Ərəbistanı neftini ən çox alan ölkələrdən biridir. Bareli 25-30 dollardan neft alaraq bütün anbarlarını doldurur. Bu anbarlardakı artıq neft koronavirusun təsirləri getdikdən sonra artan tələbi qarşılamaq üçün ucuz və səmərəli neft ehtiyatlarıdır. Hazırda neft təklifi tələbdən gündəlik olaraq 1.5-3 milyon barel çoxdur (dəqiq statistika yoxdur. Çünki, hər ölkə son 8-9 gündə imkanı olduğu qədər neft çıxarıb satır. Müxtəlif mənbələr müxtəlif rəqəmlər səsləndirir).
Əslində neftin qiyməti daha çox düşməli və ya çökməli idi. Deməli, alışlar da tələbin düşməyinə rəğmən artıb. Bəs alınan neft hara gedir? Ehtiyat anbarlarına. Məsələn, ABŞ davamlı olaraq neft alır. Bir bareli 45-50 dollardan almalı olduğu nefti indi 25-30 dollardan alır, aradakı fərq (qazanc) isə zərərdə olan neft şirkətlərinə (subsidiya, 0%-li kredit, dəstək paketi və sair adlar altında) kompensasiya şəklində veriləcək. Rusların atalar sözlərində deyildiyi kimi: Quzular sağ, qurdlar da tox qalır.
Deməli, ABŞ, Çin və digər neft idxal edən ölkələr öz anbarlarını doldururlar. Unutmayaq ki, ABŞ nefti öz buraxdığı dollarla (kağızla) alır. Sonra nə olacaq? Sonra olacaqlar anbar və tankerlər dolduqdan sonra baş verəcək. Niyə ABŞ 9 martdan indiyə qədər susur və konqresmen məhz bu günlərdə müraciət edir? Çünki, anbarlar dolmaq üzrədir. ABŞ neft almamağa başladıqda neftin qiymətləri daha kəskin enməyə başlayacaq. Məhz bu anda Rusiya, Səudiyyə Ərəbistanı və digər dövlətlər danışıqlara başlamağa məcbur olacaqlar.
Çünki, elə bu qiymətlərlə (25-30 dollar) Rusiya iqtisadiyyatında problemlər başlayıbsa, 15-20 dollar neft qiymətləri onlar üçün qəbuledilməz olacaq. Son günlər səsləndirdiyim fikri bir daha təkrarlayım: neftin qiymətlərinin 25 dolların altına enməsi (diqqət etdinizsə 25 dollara endikdə alışlar daha da artdı və qiymətlər 1-1.5 dollar yuxarı qalxdı) və hətta 20 dollar ətrafında olması daha bizim üçün daha xeyirli olar, nəinki 30-35 dollar ətrafında yubanması.
Rusiya bu vəziyyətdən uduşla çıxa bilməyəcəyini və ABŞ-ın iqtisadi imkan və manevr qabiliyyətinin, təsir rıçaqlarının daha çox olmasını düzgün hesablamamışdır. Rusiyanın bu addımı özünün müstəqil olaraq atması daha ağlabatandır. Çünki, son 2 ildə buna hazırlaşan Rusiya son 1 ildir ki, iqtisadiyyatının neftin 30 dollara qədər enməsinə hazır olduğunu eşitdirirdi.
Ehtimal: Acaba, bu eşitdirmələri (bəyanatları) nəzərə alaraq, Rusiyanı Səudiyyə Ərəbistanı vasitəsilə buna sövq etmədilərmi?
İkincisi, bu ucuz neft hazırda kəmiyyət yumşalmaları, faiz dərəcələrinin endirimləri, pul inyeksiyaları edən ABŞ, Avropa, Çin, Yaponiya və digər böyük dövlətlər üçün inflyasiyanın artmasına imkan verməmək, iqtisadi geriləməni yavaşıtmaq, ilin ikinci yarısında artacaq tələbi daha ucuz enerji qiymətləri ilə qarşılamaq üçün hava, su kimi lazım idi. İlk baxışda doğru zamanlama etdiyini düşünən Rusiya bu “doğru zamanlama”nı kim(lər) üçün etdi?
Üçüncüsü, ABŞ bir müddət sonra neft almayaraq, neft şirkətlərinə dotasiya ödəyərək istehsalı saxlasa neft qiymətləri həddən artıq ensə nə olacaq? Neft bazarından kənarda qalan Venesuela, İran kimi ölkələri neft bazarına qaytarıb, Liviya, İraq kimi ölkələrdə neft istehsalını artırıb istənilən ölkəni neft bazarından sıxışdıra bilər. Qeyd etdiyim bu ölkələrin və ABŞ-ın özünün artan şist neft istehsalının gündəlik həcmi Rusiyanın gündəlik 5-6 milyon barellik neft ixrac həcmini rahatlıqla əvəzləyə bilər.
Deməli, bu vəziyyət nəinki yeni neft qiymətlərinin formalaşması, həm də neft bazarının daha sərt bir şəkildə yenidən bölüşdürülməsi prosesidir.
Ciddi volatillik olacağı ehtimalı artır. Bu vəziyyətin uzun davam etməyəcəyi aydındır. Neft ixrac edən ölkələrin valyutalarındakı ciddi volatillik (hətta hazırda ucuzlaşan valyutalar neftin qiymətləri qalxdıqdan sonra bahalaşsa da) həmin ölkələrin iqtisadiyyatlarına ciddi mənfi təsirlərini göstərəcək.
Belə bir vəziyyətdə səbr, təmkin, diqqət və stabillik nümayiş etdirməyə ehtiyatları və manevr imkanları çatan ölkələr isə həmin ölkələrə nisbətən daha az mənfi təsirə məruz qalacaqlar.