Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət orqanları arasında rəqabət pozuntularına aid vahid informasiya bazasının formalaşdırılması zəruridir.
FED.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil olunan "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusunda panel müzakirələrində bildirib.
Agentlik sədrinin fikrincə, rəqabət siyasətinin səmərəli həyata keçirilməsi məqsədilə üzv dövlətlər arasında təcrübə paylaşımı, ortaq tədqiqatlar və peşəkar qarşılıqlı fəaliyyət daha da genişləndirilməlidir.
"TDT formatında rəqabət orqanları arasında mütəmadi hesabatlılıq sisteminin qurulması, seçilmiş bazarlar üzrə müqayisəli tədqiqatların aparılması və rəqabət pozuntularına dair ümumiləşdirilmiş informasiya bazasının yaradılması böyük əhəmiyyət daşıyır.
Milli bazarların spesifik xüsusiyyətləri fərqlənə bilər, lakin bazarların getdikcə daha sıx inteqrasiya olunduğu bir dövrdə hər bir dövlətin təcrübəsi regional bilik fondunun formalaşmasına kömək edə bilər", - deyə o qeyd edib.
E. Bağırov həmçinin vurğulayıb ki, akademik və peşəkar mübadilə proqramlarının tətbiqi, eyni zamanda gənc mütəxəssislərə yönəlmiş regional təlim platformalarının yaradılması rəqabət siyasəti sahəsində əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək.














