Dünən Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı rəyimi soruşan dəyərli dostlarıma “Türkiyə Mərkəzi Bankı (TCMB) faiz dərəcələrini 15-ə qədər artırıb nəbz yoxlayacaq” deyə fikrimi bildirmişdim. TCMB bu gün faiz dərəcələrini 15%-ə artırdığını elan etdi. Əslində bu heç proqnoz da deyildi. Türkiyə iqtisadiyyatının reallıq və gerçəkliklərini nəzərə alan monetar siyasətin getdiyi və getməli olduğu doğru yolda atılan məntiqli addımlardan biri idi.
Türkiyə Mərkəzi Bankı çoxdan gözlənilən addımı atdı – FAİZ DƏRƏCƏSİ KƏSKİN ARTIRILDI
Faizlərin daha çox deyil, məhz cəmi 15%-ə qədər artırılmasının səbəbləri nədir?
1) Türkiyənin maliyyə sistemini nisbətən dərindən öyrənmiş iqtisadçılar faizlərin birdən-birə 25-30, hətta bəzilərinin qeyd etdiyi 40%-ə qədər artırılmasının nə qədər riskli olduğunu gözəl bilirlər.
2) Hətta 1-ci bənddə qeyd etdiyim kəskin artım riskli olmasaydı da bu şəkildə artım mümkün deyildi. Çünki, bu şəkildə kəskin artım lirənin dəyər qazanmasına səbəb olardı ki, bu da ixrac və ixracatçılar üçün arzuolunan amil deyildir. Bundan bahalı lirə Türkiyənin ixracatı və nəticədə istehsalına, o cümlədən başlamaqda olan turizm mövsümündə xidmət sektoruna ciddi mənfi təsir göstərərdi. Bu səbəbdən faizlərin tədricən artırılması, hər artımda nəbz yoxlanılması, yaranacaq yeni vəziyyətə uyğun siyasətin formalaşması yolu tutulmuşdur ki, bu da monetar siyasət baxımından məntiqli və düzgün yoldur. Zərgər dəqiqliyi tələb edən monetar siyasət hədəf müəyyən edərək hədəfə doğru gedən yolda həm data formalaşdırar, həm də formalaşan dataları nəzərə alar. Hər addımda formalaşan yeni vəziyyəti öz siyasətində nəzərə alar.
3) Faizlər az artırılarsa, növbəti dəfə (1 ay sonra) yenidən artırıla bilər. Əgər çox artırılarsa, qısa müddətdə yenidən aşağı salınması iqtisadiyyatı və maliyyə sistemini alt-üst edər.
4) Burada hədəflərin ardıcıllığı məsələsi də var. Mehmet Şimşek nazir təyin olunmazdan bir neçə gün öncə yazdığım yazıda vurğulamışdım ki, həyata keçiriləcək monetar siyasət həm ixracatçıların istəklərini nəzərə almalı, həm lirəyə valyuta ehtiyatlarından müdaxilələrə son qoymalı, həm inflyasiyanı boğmalıdır və sair. Bu hədəflərin isə bəziləri bir-birləri ilə ziddiyyət təşkil edir. Məsələn, ixracatçılar lirənin bahalı olduğunu və ixraca mənfi təsir etdiyini qeyd edirlər, digər tərəfdən bahalı lirə inflyasiya formalaşdırır. Sual oluna bilər ki, bu qədər dəyər itirən lirə niyə bahalıdır ki? Bəli, bahalıdır. Bu gün türk lirəsi keçən dövr ərzində inflyasiya səviyyəsi və müdaxilələr nəticəsində real bazar dəyərindən bahalı qalmışdır. Bu fikri bir dəfə də səsləndirmişdim. Xüsusilə son 5-6 il ərzində lirə öz bazar dəyərinə 1-2 il gecikmə ilə çatmışdır. Deməli öncə lirə öz real bazar dəyərinə (ilkin mərhələdə 26-27, sonra 30, vəziyyətdən asılı olaraq 35 qədər mümkündür) çatdırılmalıdır ki, bu da tədrici, kiçik faiz artımları ilə həyata keçiriləcək. Lirə öz real bazar dəyərinə (həm də iqtisadiyyatın, tədiyyə balansının tələbinə) uyğun həddə çatdıqdan sonra kurs valyuta müdaxilələri ilə deyil, faiz dərəcələri ilə tənzimlənəcək. Məhz bu səbəbdən Mehmet Şimşek nazir olduqdan sonra ilk çıxışında inflyasiyanın boğulması hədəfinin (yaxın müddət deyil) məhz orta müddətə aid olduğunu qeyd etmişdir.
5) Əgər faizlər kəskin artırılıb lirə dəyər qazanacaq, inflyasiya qısa müddətdə boğulacaqdısa, onda bir neçə gün öncə minimum əmək haqları niyə 11 min TL-nin üzərinə artırılırdı?
Daha dərin monetar siyasət təhlilini davam etdirib yazını uzatmadan bir məsələni də vurğulayım ki, bu gün atılan digər bir peşəkar addım diqqətimi çəkdi və təqdirəlayiqdir. (xüsusilə Türkiyədə bir çoxları bunu məlumat verməmə, TCMB-nin qeyri-müəyyənlik yaratması kimi yanlış dəyərləndirsə də) TCMB-nin qısa açıqlaması və bazara heç bir siqnal verməməsi peşəkar addımdır. Monetar siyasət çox çətin və incədir. Təcrübə və dərin bilik tələb edir. Monetar siyasətdə atılacaq növbəti addımlar sağlamlaşdırma (xüsusilə kəmər sıxma) xarakterlidirsə, bu addımları oxuyacaq bazarın təzyiq formalaşdırma riski varsa və qarşıdan da seçkilər gəlirsə bu addımlar haqqında ya ya sətirarası mesajlar verilər, ya da heç verilməz. TCMB məhz qısa açıqlama ilə heç nə demədi.
Atılan addımların ardıcıllığı, üslubu, sakit bir şəkildə həyata keçirilməsi peşəkarlığı, məntiqi ardıcıllığı, qərarlılığı nümayiş etdirir. Təqdirəlayiqdir.
Bu səbəbdən TCMB qorxdu, Türkiyə Prezidenti yüksək faiz artımına imkan vermədi və sair fikirlərin ciddi əsası yoxdur. TCMB əks addımların, spekulyasiyaların, təzyiqlərin olmaması üçün bazarlarda qeyri-müəyyənliyin (qısa müddət ərzində hədəflərinə çatana qədər) davam etməsini, vəziyyəti həm nəzarətində saxlamaq, həm də lirənin obyektiv olaraq öz bazar dəyərini tapmasını təmin edərək monetar siyasətini davam etdirəcək. TCMB-yə nisbətən mane olacaq amil bir neçə aydan sonra keçiriləcək bələdiyyə seçkiləridir. TMB həmin seçkilərə qədər daha incə və ehtiyatlı davranışa siyasi cəhətdən məcburdur. Amma doğru monetar siyasətini davam etdirəcək. Başqa yol yoxdur.
Müəllif: Elman Sadıqov