Azərbaycan sahibkarları zəhmətləri hesabına çətinliklərdən keçib iş qurmağı bacarsalar da, bəzi, ilk baxışdan kiçik məqamlar səbəbindən yeni çətinliklərlə üzləşirlər. Bunun səbəblərindən biri də onların əmək haqqı siyasətinin düzgün olmamasıdır.
Niyə hər sahibkarın yanında çox etibar etdiyi bir insan var? – FƏXRİ AĞAYEV YAZIR
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Elman Sadiqov bildirib.
Ekspert yazır:
«İş adamlarımız daşdan pul çıxartmağı bacarır, zəhmətkeşdirlər, amma bəzi xırda nüans və fərqli yanaşmaları onlara daha böyük uğurlara imza atmağa, brendləşməyə nail olmağa mane olur.
Qısaca olaraq səhvlərdən biri haqqında:
14-15 ay öncə tanıdığım iş adamları arasında şifahi sorğular zamanı belə bir fikir diqqətimi çəkmişdi. İş adamı xərclərin optimallaşdırılması dedikdə, maaşların təyini zamanı qənaətin vacibliyini qeyd etmişdi. Hətta fəxrlə, "mən 1000 manatlıq maaşa layiq olan işçiyə 600-700 manat maaş verib razı sala bilirəm" demişdi.
Əslində "Siz bununla işəgötürən kimi 300-400 manat qazanmır, əksinə 300-400 manat uduzursunuz. Çünki, həmin işçi bir müddət sonra 600-700 manat maaş alan digər işçilərin nəticələrini göstərəcək, siz bundan nəticə çıxartmasanız onu növbəti mərhələdə itirəcəksiniz" dedim. «Yox, işini sevir, getməz» dedi.
12 gün əvvəl isə həmin sahibkar mənə zəng vuraraq bir neçə əsas peşəkar işçisini itirdiyini və işlərinin ciddi şəkildə axsadığını bildirdi. Dedi ki, itirdiyi işçilərə verdiyi maaşın 2 qatı ilə 3 işçi axtarır, hazırda həmin işçilərin işlərini özü görməyə məcbur olub və ciddi problemlərlə üzləşib.
Digər bir işəgötürəndə isə tam əksi olmuşdu. O isə özünün yaxınlarına və qohumlarına 2-3 qat artıq maaş verməsi ilə fəxr edirdi.
Nəticədə, işləyən digər "kənar" peşəkar işçilər motivasiyalarını itirmiş, 2-3 qat artıq maaş alan "yaxınlar" isə işləri yarıtmamaq bir yana, əksinə intriqa, yalan, yaltaqlıqda bir-birləri ilə yarışa girmiş, nəticədə kollektivdə formalaşmış parçalanma peşəkar işçilərin itirilməsi, biznesin isə kiçilərək məhv olması ilə nəticələnmişdi.
Çünki, layiq olduğu maksimum 1000 manat maaş əvəzinə 2000 manat alan qeyri-peşəkar, diletant işçilər o işi saxlamaq üçün hər yola (intriqa, yalan, yaltaqlıq, qruplaşma yaratma, səhv məlumatlandırma və sair) əl ataraq kollektivdəki sağlam mühiti də zəhərləyirlər.
Peşəkar işçilər isə intriqadan uzaq olmağa çalışırlar. Çünki, işini sevən, düşünən insanın beyni təmiz qalmalı, intriqa kimi zəhərin təsirinə məruz qalmamalıdır. İntriqa olan yerdə sağlam düşüncə olmaz.
Burada yəhudilərin atalar sözü yada düşür. Bir işçini (insanı) məhv etmək istəyirsinizsə, ona dəyərindən 2-3 qat artıq pul verin. Çünki, o həmin pulu həzm edə bilməyib korlanacaq. Bir işçini itirmək istəyirsinizsə, ona dəyərindən 2-3 qat az pul (maaş) verin. Bir müddət sonra məhz verdiyiniz pula "layiq" işləyib sonra da çıxıb gedəcək.
Mövlana da demiş ki, "kiçik adama böyük iş verib işi rəzil edərsiniz, böyük adama kiçik iş verməklə həmin adamı rəzil edərsiniz".
Hansını rəzil etmək işəgötürənlərin seçimidir. Heç birini rəzil etməmək üçün isə ədalət, praqmatik düşüncə prinsiplərinə riayət etmək kifayətdir».