Bugünkü iclasımız zamanı - (Türk Dövlətləri Təşkilatı (TDT) Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası - red FED.az) qurumlarımız arasında bir sektoral araşdırmanın və əlavə olaraq rəqabət mövzularına aid üç işçi qrupun yaradılması razılığına da nail olmuşuq.
FED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Sədr qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi biz strateji tərəfdaşlığımıza tam dəstəyimizi verəcəyik və əlimizdən gələni əsirgəməyəcəyik.
"Rəqabət qurumlarının rəhbərlərinin üçüncü iclasının keçirilməsi və rəqabət forumunun keçirilməsi Türk dünyasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm mərhələdir. Hesab edirəm ki, bu əlamətdar hadisənin Şuşa şəhərində baş tutması öz-özlüyündə çox rəmzidir, simvolikdir və birgə strateji baxışlarımızı əks etdirir. Bu tədbirlərin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə baş tutması da əlamətdar bir hadisədir. Bugünkü görüşlərimizdə biz birgə tərəfdaşlığımızı, tərəfdaşlığımızın genişləndirilməsini, təcrübə mübadiləsini, data mübadiləsini müzakirə elədik. İclasımızın nəticəsi olaraq birgə kommünike qəbul olundu. Birgə kommünike qurumlarımız arasında strateji fəaliyyət prioritetləri, eyni zamanda növbəti addımlarımızı müəyyən etdi", - deyə o, əlavə edib.















