Həftəsonu İPO edən «SpaceX» kosmik şirkətinin minlərlə işçisi bir gündə milyonçuya çevriliblər.
Mask tarixdə ilk trilyonçu oldu - YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «SpaceX»in minlərlə əməkdaşı şirkətin səhmlərinə sahib idi. Birjaya çıxan kimi səhmlərin 19% bahalaşması nəticəsində şirkətin təsisçisi İlon Mask tarixin ilk trilyonçusuna çevrilib. Şirkətin işçilərinin bir hissəsinin isə səhm paketinin dəyəri 1 milyon dolları keçib.
Qevin Petinin Milyonluq "Lotereyası"
NYT-nin yazdığına görə, IPO-dan qazanan keçmiş SpaceX əməkdaşlarından biri də 42 yaşlı Qevin Petidir. 42 yaşlı Qevin Peti (Gavin Petty) 2012-ci ildə raket buraxılışı üzrə mühəndis kimi işə girəndə cəmi 80 min dollar maaş alırdı. O vaxt SpaceX raketləri tez-tez partlayırdı və şirkətin gələcəyi çox dumanlı idi. Peti isə riskə gedərək pul bonusları əvəzinə hər biri cəmi 13.80 dollar olan səhmləri toplamağa başlayıb. Bu gün onun əlində 50 mindən çox səhm var. Səhmlərin birjadakı açılış qiyməti 135-150 dollar arasında dəyişdiyi üçün onun sərvəti bir gündə milyonları keçib. Peti özü bu hadisəni belə şərh edib: "Bu IPO mənim dövrümün Coca-Cola və ya Google IPO-sudur. Bu, insana lotereya udmuş kimi həyatı dəyişdirən bir sərvət gətirir."
Şirkətin digər əməkdaşı - Trevor Heyz isə 2011-ci ildə hələ universitet məzunu olmamışdan qabaq SpaceX-ə qoşulub və əlində 100 mindən çox səhm toplayıb. Onun sərvəti bu İPO ilə minimum 13.5 milyon dollar təşkil edib.
400 Nəfərlik "100 Milyonçular" Klubu
Amma Space X-in əməkdaşları təkcə milyonçu olmayıblar. Hill.com investisiya platformasının rəhbəri Endryu Benson qeyd edir ki, adətən bir İPO baş tutanda yalnız şirkət təsisçiləri milyarder olur, işçilərə qırıntılar qalır. Amma SpaceX-də vəziyyət fərqlidir: Şirkətin təxminən 22 min işçisindən 4000-dən çoxu eyni gündə milyonçuya çevrilib, 400-ə yaxın köhnə və sadiq əməkdaşın sərvəti isə 100 milyon dolları ötüb!
Səhmi yeməyə dəyişənlər kor-peşman olublar
Amma SpaceX-in səhmlərinin «partlaması» heç də hamını sevindirməyib. Bu hadisəni izləyərək peşman olanlar da var. Məsələ bundadır ki, ilk illərdə bəzi işçilər SpaceX-in nə vaxtsa birjaya çıxacağına və bu səhmlərin dəyər qazanacağına inanmayıblar. Şirkət daxilində gəzən şayiələrə görə, bir neçə ilk işçi öz gələcək milyonluq səhmlərini "Chili's" restoranlar şəbəkəsinin yemək kuponlarına (gift card) dəyişiblər və hazırda həyatlarının ən böyük peşmançılığını yaşayırlar.














