Dünən mentorluq qrup görüşümüzdə müzakirə mövzumuz olduqca maraqlı oldu:
Niyə hər sahibkarın yanında çox etibar etdiyi bir insan var? – FƏXRİ AĞAYEV YAZIR
“Sahibkar/rəhbər dəyərləri necə BÜTÜN şirkət əməkdaşlarına çatdırmalıdır?
Çatdırdıqdan sonra dəyərlərin qorumasını necə təmin etməlidir?”
Məsələ budur ki, bu gün Azərbaycan iş dünyasında uzun müddətli yanaşma haqda söhbətlər olsa da, reallıqda bu yanaşma müzakirə edilmir.
Bu mövzu ANCAQ böyük biznesə aid deyil, məsələ budur ki, kiçik sahibkarların düşüncəsi bu gün ancaq satışdadır ki, nəğd pul olsun və ayaqda qalsın, orta miqyaslı sahibkarlar isə böyümə böhranı yaşayırlar. Böyümə böhranı o mənada ki, sahibkar kiçik miqyasdan, yəni nəğd pul problemindən çıxıb və dərhal da yeni sıxıntıları olan dövrə daxil olur – sistem qurulmalıdır, daha böyük miqyaslı işlər görülməlidir, işə mütəxəssis və peşəkarlar cəlb edilməlidir, qohumların iştahları artır və sahibkar onlarla mübarizə aparır. Bütün bu işlər onu o qədər yorur ki, dəyərləri düşünməyə zamanı olmur.
Gün gəlir və bir gün anlayır ki, ətrafında oturuşmuş və qətiyyən işinə-peşəsinə-sahəsinə uyğun olmayan insanlar var. Bu vəziyyətə şahmatda tsunqtsvanq deyilir – yəni istənilən addım vəziyyəti pisləşdirəcək: bu insanları işdə saxlamaq da olmur, çıxarmaq da.
Böyük biznesin sahibləri isə bu gün idarəçiliyi 90cı illərin yanaşması ilə + qohumlarının özbaşınalığı ilə barışmış halda aparırlar. Dəyərlər məsələsi onlara çox uzaqdır. Onlar bunun mənasını görmürlər. Buna əlavə olaraq, bu insanların böyük əksəriyyəti ağır zəhmət nəticəsində kobudlaşıb və böyük hakimiyyət və pullar sayəsində özlərini olduqca güclü sayırlar.
“Güc” sözü isə bu mövzularda nisbi anlayışdır - böyük sahibkarın yanında ona baş əyən və hər sözünə dəstək verənlər ən böyük oğrular və ona ən güclü zərbəni vuranlardır.
İndi isə gələk əsas məsələyə : dəyərlər niyə lazımdır? Dəyərlər nədir? Dəyərlər necə tətbiq edilməlidir?
Olduqca uzun mövzu olmaqla yanaşı bunun tətbiq uzun zamanlı məsələdir. Uzun zamanlı o mənada ki, İLLƏR alır. İLLƏRLƏ böyük zəhmət. Hər gün tətbiq. Üstündə durmaq. Qarşı çıxanları başa salmaq.
Niyə bizim biznesdə bu yoxdur?
Çünki bizim biznesin bu gün ölkədə real rəqabəti yoxdur. ANCAQ əsl rəqabətin olduğu bazarlarda bu kimi dərin mövzular gündəmə gələ bilər.
Bu məsələni tətbiq edən şirkət və holdinqlər var ölkədə? Bəli. Qlamur şirkətlər. Böyük monopolistlər. Lakin onlar nümunə ola bilməz bu mözuda, çünki monopolist mövqelərinə görə onlar bunu etməsələr belə, ölkənin bütün əhalisi onların qapısında dayanmağa məhkumdur. Çarəsizlikdən.
O şirkətlərdə işləyənlər ömürlərini ən gözəl çağlarını yaşayırlar : gözəl iclaslar, bahalı otellərdə il sonu rəngli tədbirlər, teambuilding, mail ilə yazışmalar, xarici dildə söhbətlər, bahalı kofelər. Ordan çıxan insan isə özünü gəmidən okeanın içinə atlımış kimi hiss edir – hansı müstəqil biznes sahibi bu tədbirlərə pul xərcləyəcək?
Biznesdə də tibbdə olduğu kimi bir neçə yanaşma tərzi var: türkə-çarə və ya elmi. Biznesi alverdən fərqləndirən tək məqam var: biznesdə uzun müddətli elmi-analitik yanaşma var.
Sahibkarlar əsla öz istəyi ilə dəyişməz.
Bunun üçün münbit mühit formalaşdırılmalıdır.
Əks halda ölkədə 3-4 nəhəng və pul kütləsinin qırıntıları ilə qarnını doyuran işadamları olacaq.
P. S. Qlamur monopolistlər isə bir müddət sonra...çökməyəcək.. Amma rahatlığından yaşlı tox fil kimi yerindən tərpənməyəcək. Və ölkə biznesini daha da geriyə çəkəcək.