Bir ölkədə insanların çoxu üç-beş obyektim olsun pulumu qazanıb həyatımı yaşayım deyirsə, deməli bu ölkədə qurulan cəmiyyətdə böyük problemlər var. Belə mühitdə obyekt təkcə torpaq-mülk deyil, həm də vəzifədir.
Ən əyri iqtisadiyyatlarda kirayənin payı çox olur və insanlar ona can atır.
FED.az xəbər verir ki, bu barədə maliyyə və investisiya bazarları üzrə ekspert Fariz Hüseynli bildirib. Ekspert yazır:
«Bir ölkədə insanların çoxu üç-beş obyektim olsun pulumu qazanıb həyatımı yaşayım deyirsə, bu ölkədə qurulan cəmiyyətdə böyük problemlər var deməkdir. Obyekt təkcə torpaq-mülk deyil, həm də vəzifədir bu mühitdə.
İqtisadiyyatda dörd cür qazanc yaranır- - sərmayədən qazanılan mənfəət;
- əməkdən qazanılan maaş; - borcdan qazanılan faiz;
- əmlakdan qazanılan kira gəliri.
Bunlar arasında müəyyən ahəng və balans lazımdır. Biri çox böyük üstünlük təşkil etsə, o iqtisadiyyatda nasazlıq baş verər. Amma mümkün qədər sərmayə və əməkdən qazanılan çox etmək lazımdır.
Sərmayə risk və ideyaların qazancıdır. Rəqabətli dünyada. Şəraiti elə qurasan ki, daha çox insan risk alsın, təcrübələr keçirsin və sahibkar olmaq istəsin.
Necə? İnsanlara yeniliyə açıq təhsil verərək, onları bir qəlibə soxmadan, sual verən və dünyanı dəyişmək missiyası alan vəziyyətə gətirərək. İqtisadiyyatda və maliyyə mənbələrində çeşidlilik yaradaraq.
Maaş zəhmətkeş insanların əməyinin və məhsuldarlığının nəticəsidir. Deməli əməyin də qiyməti və payı olmalıdır. Əməkdən dəyər yaratmaq bacarığı yenə də təhsilə və iqtisadi mühitə bağlıdır.
Faiz passiv gəlirdi və bunun payı az olmalıdır. Çox olsa insanlar iş görməz, ideya sahibi olmaz, elə pulu çox olan pulu az olandan qazanaraq ölkəni dala salar.
Bir də var kira… bax ən əyri iqtisadiyyatlarda kiranın payı çox olur, insanlar ona can atır. Rentaçı düşüncə deyək ona. Obyektim olsun oturum qazanım. Dediyim kimi obyekt həm də vəzifədir.
Vəzifə həm də monopoliya deməkdirsə, onda lap birinci sərmayə mənfəəti dönür olur kira. Risk alıb ideya qoyan yox, vəzifəsi olan qazanırsa, obyekti olan çox qazanırsa onda vəzifəyə və obyektə can atanların sayı da çox olacaq.
Təhsil adamı olaraq deyim ki, təkrarçı, əzbərçi, eynibeyinli insanlardan çox yaradıcı insanları yetişdirmək lazımdır. Onları xaricdə yetişdirim ideyalarını da alıb gəlsinlər desək olmaz. İdeyalar yaramaz və sistem qol-qanadlarını sındırar.
Sistemin içindən yetişməlidirlər. Amma sistem də gərək tələb edə. Bu gün azalan neft gəlirləri ilə bağlı xəbər oxudum. Neft gəlirləri də renta-kiradır. Artıq başqa formalara keçmək vaxtı gəlib və sürətlə gözümüzün qabağından keçir».