Xəbər verildiyi kimi, mayın 25-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Proqramda aqrar sahənin inkişafı ilə bağlı ciddi hədəflər və buna çatmaq üçün tədbirlər nəzərdə tutulur.
Hazırda ölkə fermerlərinin və sahibkarların yeni proqram, burada nəzərdə tutulan tədbirlər və yaradılan yeni imkanlarla tanış etmək üçün bütün ölkə üzrə tədbirlər keçirilir. Tədbirlərdə prezidentin köməkçiləri iştirak edirlər.
Göygöl rayonunda keçirilən müşavirədə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov yeni proqramda nəzərdə tutulan tədbirlər və ondan gözləntiləri açıqlayıb. FED.az biznes və maliyə xəbərləri portalı Ş.Mövsümovun açıqlamasını təqdim edir:
- Kənd təsərrüfatının inkişafı üçün təsdiqlənmiş yeni dövlət proqramında müxtəlif sahələr üzrə hədəflər qoyulub. Ümumilikdə proqramda 5 prioritet və 16 fəaliyyət istiqaməti üzrə 86 konkret tədbir nəzərdə tutulub.
Bu tədbirlər nəticəsində gözləntilərimiz hər bir sahə üzrə konkret rəqəmlərlə göstərilib. Məsələn, müasir suvarma sistemi tətbiq edilən əkin sahələrinin bugünkü 130 min hektarla müqayisədə 2 dəfədən çox artırılaraq 300 min hektara çatdırılması, pambıqçılıq və buğda istehsalında isə 1 hektardan məhsuldarlığın 5 tona çatdırılması nəzərdə tutulur.
Eyni zamanda ilk dəfə olaraq heyvandarlıq sahəsində də konkret dəstək tədbirləri nəzərdə tutulub. Bu ilk dəfə nəzərdə tutulub, çünki indiyədək dövlət dəstək alətləri daha çox bitkiçilik üzrə formalaşırdı. Bundan sonra isə belə dəstək alətləri bitkiçiliklə yanaşı, heyvandarlıq və akvakultura (balıqçılıq) sahəsində də tətbiq ediləcək.
- Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni proqramdan hansı gözləntilər var?
- Yeni proqramdan gözləntilər böyükdür. Belə ki, yeni proqram çərçivəsində təxminən 6 milyard manata yaxın investisiya yatırılması nəzərdə tutulur. Bu investisiyaların 2 milyard manatdan artıq hissəsi dövlət tərəfindən nəzərdə tutulub. 3,7 milyard manat isə özəl sektor – sahibkar və investorlar tərəfindən yatırılacaq.
- Kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirədə dövlət başçısı bildirdi ki, kənd təsərrüfatında durğunluq müşahidə olunur. Bu proqramın icrasına başlanandan sonra kənd təsərrüfatı bu durğunluqdan nə vaxt çıxacaq?
- Proqramda nəzərdə tutulan tədbirlərin icrasına qısa müddətdə başlanacaq. Bunu da bilirsiniz ki, dövlət vəsaitlərinin istifadəsinə də, artıq bu ildən başlanılır. Proqram özü də 2026-2030-cu illəri əhatə edir, tədbirlər artıq 2026-cı ildən başlanacaq.
Təbii ki, kənd təsərrüfatı üzrə gözləntilər yüksəkdir. Yəni cənab prezidentin də müşavirədə qeyd etdiyi kimi, Azərbaycanın bu gün kənd təsərrüfatı sektorunda olan potensialı həddən artıq böyükdür və bizim istehsalımız bu potensialı əks etdirmir. Gözlənti odur ki, qısa müddətdə tədbirlər nəticəsində kənd təsərrüfatına artıq yeni investisiyalar görəcəyik. Bu proqramın təsiri yalnız 2026-2030-cu illə bitmir. Bizim gözləntimiz ondan ibarətdir ki, bu tədbirlər nəticəsində qurulmuş infrastrkutur, yəni su təminatı, yeni müasir suvarma sistemiləri, istixanalar, heyvandarlığa göstəriləcək dəstək nəticəsində yarı intensiv və intensiv heyvandarlığa keçid nəticəsində hətta 2030-cu ildən sonra belə ildə 2 milyard manatdan artıq əlavə dəyər yaradılacaq.
- Şahmar müəllim, hazırda Azərbaycandan xaricə meyvə-tərəvəz ixracı ilə bağlı hər hansı problem varmı?
-Xeyr, heç bir problem yoxdur, bizim yüksək keyfiyyətli meyvə-tərəvəzimiz beynəlxalq bazarlarda həm ənənəvi bazarlarda, həm də yeni bazarlarda yüksək tələbata malikdir və ixracla bağlı problemimiz yoxdur.
- Bəs konfret olaraq Gəncə-Daşkəsən regionu üzrə gözləntilər nədən ibarətdir? Məsələn yeni ixtisaslaşmalar ola bilərmi, hansı sahələrin inkişafı nəzərdə tutulub?
- Bu barədə Kənd Təsərrüfatı nazirliyinin nümayəndəsi də öz çıxışında qeyd etdi, ixtisaslaşma çox önəmlidir və hazırda bununla bağlı dəqiqləşmələr aparılır, bu zonada həm pambıqçılıq, həm buğda istehsalı, həm də heyvandarlıq var. Yəni demək olar ki, Gəncə-Daşkəsən zonasında Azərbğaycanın kənd təsərrüfatının bütün əsas sahələri inkişaf edir. Və hazırda biz fermer və sahibkarlardan təkliflər gözləyirik ki, onlar dövlətdən daha hansı dəstəyi istəyirlər ki, yeni bəlkə də qeyri-ənənəvi məhsulların da istehsalına başlasınlar.
- Şahmar müəllim, dövlət proqramında fermerlər üçün kreditlərin və faiz subsidiyalarının genişləndirilməsi mexanizmi nəzərdə tutulur. Fermerlərin bu resurslara çıxışı ilə bağlı cari vəziyyət necədir?
- Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatının inkişafı üçün lazım olan bütün dəstək tədbirlərini həyata keçirək. Bu dövlət proqramının bir çox önəili xüsusiyyəti də vardır – proqram hazırlanan zaman, bir çox fermer və sahibkarlarla çoxsaylı müzakirələr aparılıb və bu proqramın əsas məqsədi onların konkret ehtiyaclarının ödənilməsinə yönəlib. Ona görə də, onların həm faiz subsidiyalarına ehtiyacv qeyd olunmuşdu.
- Bəs yeni proqram kənd təsərrüfatı sahəsində sığortanın da təşviqinə də stimul verəcəkmi? Məsələn, dünən Daşkəsən rpayonunda hava şəraiti ilə bağlı xeyli fermer zərər görüb.
- Bu çox önəmli məsələdir, təbii ki, bu dövlət proqramanda xüsusi bir hissə nəzərdə tutulub, hansı ki, kənd təsərrüfatı sahəsində maliyyə və sığorta sistemlərinin inkişafını nəzərdə tutur. Burada sığorta və maliyyə xidmətlərinin tətbiqi həm genişləndirilir, həm də yeni alətlər tətbiq olunur. Təbii ki, bu məsələ çox önəmlidir və proqramda da əksini tapıb.














