"Türk dövlətləri son illərdə iqtisadi baxımdan çox ciddi inkişaf nümayiş etdirir. Bu inkişaf təmin edilərkən və davam edərkən rəqabət hüququnun bütün coğrafiyada ən kiçik kapilyar damarlara qədər iqtisadiyyatın bütün sahələrində bərqərar olması son dərəcə önəmlidir".
FED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Türk Dövlətlərinin rəqabət qurumları olaraq ölkələrimizin və Türk cəmiyyətinin daha firavan, iqtisadi cəhətdən daha inkişaf etmiş olması və gələcəyə əmin addımlarla irəliləyə bilməsi üçün hər birimiz fərdi olaraq çox ciddi fəaliyyət göstərir, mübarizə aparırıq. Bu fəaliyyətlərimizi birləşdirərək, bir-birimizdən güc alaraq və bir sinerji yaradaraq irəliləməyimiz olduqca vacibdir. Türk dövlətləri son illərdə iqtisadi baxımdan çox ciddi inkişaf nümayiş etdirir", - deyə o, bildirib.
Birol Küle qeyd edib ki, bu mənada, dayanıqlı böyümə və cəmiyyətimizin, xalqlarımızın daha yüksək rifah səviyyəsinə çatması, sosial rifahın artırılması üçün güclərimizi birləşdirərək çalışırıq:
"Bu fəaliyyətlərdən birini də elə bu gün həyata keçiririk. Önəmli qərarlar qəbul edəcəyik. Birlikdə yerinə yetirdiyimiz ilk ortaq işi bir azdan masaya yatıracaq və müzakirə edəcəyik. Bununla yanaşı, fəaliyyətimiz sürətini azaltmadan davam edəcək. Bunun gələcəkdə də ən yaxşı şəkildə davam etməsi bizim əsas məqsədimizdir".
















