Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb.
Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb
ED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəmiz TDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir:
"Bunun bir nümunəsi olaraq, Türkiyə ilə Azərbaycan arasında imzalanmış preferensial ticarət sazişini qeyd eləmək olar. Eyni zamanda da, TDT-yə üzv olan digər dövlətlərlə Azərbaycan arasında sərbəst ticarət sazişləri mövcud olduğunu qeyd etmək istərdim.
Ölkələrimiz arasında qarşılıqlı sərmayələr, yatırımların həyata keçirilməsi davam edir. Son 30 ildə - 1995-2025-ci illər ərzində Azərbaycan ilə TDT üzv dövlətlər arasında qarşılıqlı sərmayələrin həcmi 40 milyard ABŞ dollarına yaxındır. Bununla yanaşı, sərmayələrin, investisiyaların həyata keçirilməsi təşkil edilməsi məqsədilə ümumi kapitalı 500 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu yaradılıb. Və eyni zamanda, Azərbaycan TDT-yə üzv olan ölkələrlə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları təsis etmişdir və bu fondlar uğurla fəaliyyət göstərməkdədir".














