2023-cü ilin iyul ayından etibarən Meqa Sığorta Qrupunun daxili resursları hesabına yaradılmış və sığorta sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də kadrların peşəkar inkişafına hədəflənmiş Təlim Mərkəzi fəaliyyətə başlamışdır.
FED.az xəbər verir ki, “Meqa Təlim Mərkəzi” adı ilə fəaliyyət göstərəcək Mərkəzin əsas məqsədi sığorta sahəsində professionallığın artırılmasına, kadrların şəxsi və peşəkar inkişafına, komandanın qoyulan hədəflərə daha tez və effektiv çatmasına xidmət göstərməkdir. Təcrübə səviyyəsindən asılı olmayaraq, hər bir əməkdaş peşəkar bacarıqlarını inkişaf etdirmək üçün müvafiq təlim proqramlarında iştirak edə biləcək.
Təlim Mərkəzi əməkdaşlar arasında debat və fikir mübadiləsinin keçirilməsinə böyük önəm verəcək. Dialoq və fikir mübadiləsi hər bir işçinin peşəkar inkişafına təsir edən və onun şirkətə qatqısını artıran əsas amillərdən biridir. Mürəkkəb prosesləri komanda olaraq birlikdə müzakirə etmək, yeni və innovativ həllər təklif etmək üçün Təlim Mərkəzində sərbəst bir mühit yaradılacaq.
Təlim Mərkəzi həmçinin sığorta sahəsində özünə yeni peşə qazanmaq istəyənlər üçün də açıq olacaq və bu sahədə bilik və təcrübəyə sahib olmaq üçün mərkəzə müraciət edən şəxslərə də xidmət göstərəcək.
Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən “Meqa Sığorta” ASC hüquqi və fiziki şəxslərə 32 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidməti göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online internet platforması ilə müştərilərin xidmətindədir.
“Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası (https://my.megalife.az/)”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir.