Binanın damı boru və troslarla bərkidilib. Mənzillərin divarlarında iri çatlar var, aşağı hissəsi isə dəfələrlə uçub. Söhbət Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən binadan gedir.
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu çəkilir
FED.az xəbər verir ki, bina hazırda söküntü mərhələsinə hazırlıq görülən tikililər sırasındadır.
Söküntü işlərinin Qurban Abbasov, Salman Mümtaz, 20-ci sahə və Xanlar küçələrində, eləcə də Badamdar qəsəbəsindəki bəzi yataqxana tipli binalarda aparılması gözlənilir.
Sakinlər deyir ki, əslində bina təxminən 5 il əvvəldən sökülməli idi: “Həddən artıq pis vəziyyətdədir. 5 il bundan qabaq altına dayaq vurublar. İçəridən sütunların hamısı batır. Sel olanda, nəsə bir hadisə baş verəndə qorxuruq ki, bina dağılacaq. Çünki bu evlər sementsiz tikilib. Bir kvadratmetrə 1550 manat deyilir. Bəzi evlər çıxarışlıdır. Elə məbləğ desinlər ki, heç olmasa Bakı şəhərində yaşadığımız ərazidə mənzil ala bilək. Bizdə dördotaqlı mənzildir. Heç olmasa ikiotaqlı mənzil ala bilək. 1550 manat bizi qane etmir. 1550 manata özünüz də təsəvvür edin, biz hansı mənzili ala bilərik?”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qeyd olunan ünvanlardakı binaların bir qismində mənzillərlə bağlı məlumatlar toplanıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi aparılıb. Onun sözlərinə görə, qiymətləndirmədən keçən bəzi mənzillər üzrə kompensasiya məbləği 1500–2000 manat aralığında müəyyənləşdirilib. Lakin kompensasiya bütün mənzillər və binalar üçün eyni olmayacaq:
“Hansı binanın yerində yeni binalar inşa olunacaqsa, həmin binalarda sakinlərin mənzillərlə təminatı həyata keçiriləcək. Hansı binaların yerində abadlaşdırma işləri aparılacaqsa, parklar, yollar salınacaqsa, təbii ki, həmin vətəndaşlara müvafiq kompensasiya məbləği ödəniləcək. Hər bir binaya fərdi qaydada yanaşılacaq”.
Vüqar Orucun sözlərinə görə, sakinlər qiymətləndirici şirkətin müəyyən etdiyi məbləğlə razılaşmadıqları halda, müstəqil şəkildə qiymətləndirmə sifariş edə, həmçinin məhkəməyə müraciət edə bilərlər.
Binalarda söküntü işlərinin konkret hansı tarixdə başlayacağı isə hələlik məlum deyil.












