Bakıda keçirilən “İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” ilə bağlı “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC və “İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” PHŞ 7 satınalma müqaviləsi bağlayıb.
AZPROMO Forumda foto və videoların çəkilməsi üçün – FİZİKİ ŞƏXSƏ 100 MİN ÖDƏDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ən iri həcmli müqavilə “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ilə “Caspian Event Organisers” MMC (VÖEN: 1303661631) arasında bağlanıb. İmzalanmış müqavilə çərçivəsində İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkili üçün müxtəlif xidmətlərin alınması ilə bağlı şirkətə 3 milyon 982 manat ödənilib.
Digər irihəcmli müqavilə də dövlət qurumu ilə “Azinterexpo” MMC (VÖEN: 7001311641) ilə arasında imzalanıb. Bu müqaviləyə görə, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda stendin hazırlanması və quraşdırılması xidmətlərini həyata keçirib və 1 milyon 425 min 954 manat ödəniş alıb.
Forumun keçirilməsi ilə bağlı zəruri malların və xidmətlərin satın alınması üçün “TM Group” MMC-yə (VÖEN: 1502533551) 165 min 200 manat ödənilib.
“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC Forumun “Bakı Konqres Mərkəzi”ndə (VÖEN: 1503898981) keçirilməsi üçün 291 min 448 manat ödəniş edib.
Foruma gələn qonaqların yerləşməsi üçün mehmanxana otaqlarının icarəsi xidmətinin satın alınması ilə bağlı AZPROMO “Yelkən Operating Company” MMC (VÖEN: 1405575141) ilə 517 min 252 manatlıq satınalma müqaviləsi imzalayıb. Digər bir müavilə - investisiya layihələrinin təqdimatı üzrə tədbirin təşkili xidmətinin satın alınması ilə bağlı “Yeni Abşeron Oteli” MMC (VÖEN: 1700992161) ilə 359 min 999 manatlıq müqavilə imzalanıb.
Bundan başqa, AZPROMO Forumun foto və video çəkilişini fiziki şəxs Şərbətov Nazim Vəliağa oğluna (VÖEN: 1101471352) həvalə edib və 101 min 480 manat ödəniş edilib.
Yekun olaraq, “İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” ilə bağlı “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC və “İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” PHŞ 7 satınalmaya ümumi olaraq 5 milyon 862 min 315 manat sərf edib.













