Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.
FED.az xəbər verir ki, bununla da, baş direktorların sayı yenidən 10-a çatıb.
Yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.
A.Ələsgərov 1977-ci ildə Bakıda anadan olub, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr, 1999-cu ildə isə həmin universitetin eyni ixtisası üzrə magistr dərəcəsi alıb.
O, əmək fəaliyyətinə 1997-ci ildə AMB-nin Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı ekspert vəzifəsi ilə başlayıb, 1997-2000-ci illərdə Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı iqtisadçı, 2000-2005-ci illərdə isə Monetar siyasət departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı və daha sonra şöbə rəisi vəzifələrində çalışıb, 2005-2009-cu illərdə Pul siyasəti departamentində Pul və məzənnə siyasəti şöbəsinin rəisi, həmin departamentin direktor müavini - Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrində fəaliyyətini davam etdirib, 2009-cu ilin iyun ayından indiyə qədər Pul siyasəti departamentinin direktoru vəzifəsində işləyib.















