“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək. Qurbanova bu vəzifəni müvəqqəti əvəzedicisi kimi təyin edilir.
FED.az xəbər verir ki, Günel Qurbanova 2024-cü ilin fevralından “MFX-Trading İnvestisiya Şirkəti”ndə baş mühasib vəzifəsində çalışıb. Bundan əvvəl “Compusale Technologies” şirkətində mühasib, daha əvvəl isə Bakı Metropoliteni Layihə İnstitutunda mühəndis köməkçisi kimi fəaliyyət göstərib. Qurbanova Azərbaycan Kooperasiya Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.
“MFX-Trading İnvestisiya Şirkəti” 2020-ci ildə yaradılıb və həmin ilin oktyabrında investisiya şirkəti fəaliyyəti üzrə İŞ-06 nömrəli lisenziya alıb. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi. Şirkət broker, anderraytinq, investisiya tədqiqatı və məsləhət xidmətləri, portfelin idarə olunması, həmçinin qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlar həyata keçirir.
2025-ci ildə “MFX-Trading” 91,99 min manat xalis zərər edib. Şirkət 2024-cü ili 712,82 min manat xalis mənfəətlə başa vurmuşdu. Ötən ilin sonunda şirkətin aktivləri 1 milyon 50 min manat təşkil edib və illik müqayisədə 5,2% azalıb.
Şirkətin nizamnamə kapitalı 1 milyon 110 min manatdır. “MFX-Trading”in 100% səhmdarı 2024-cü ildən Samir Xəlilov Əlövsət oğludur. Bundan əvvəl şirkətin səhmdarları Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) olub. (Banker)













