Bakıda fəaliyyətə başlayan beynəlxalq "ADEX 2026" sərgisində müxtəlif ölkələrdən olan şirkətlər və silah istehsalçıları iştirak edir.
FED.az xəbər verir ki, Türkiyə şirkəti olan “Nurol Makina” müasir texnologiyalarla təchiz olunmuş istehsal obyektlərində yüksək hərəkət qabiliyyətinə və üstün mühafizəyə malik 4x4 taktik təkərli zirehli maşınlar dizayn və istehsal edir.
Şirkətin məhsul portfelinə qlobal miqyasda böyük rəğbət qazanan zirehli döyüş maşınları, həmçinin xüsusi təyinatlı platformalar daxildir. Özünəməxsus mühəndislik həlləri ilə Türkiyənin təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılayan şirkət, eyni zamanda məhsullarını dünyanın bir çox ölkəsinə ixrac edərək beynəlxalq müdafiə sənayesində güclü mövqe tutur.
FED.az biznes və maliyyə xəbərləri portalı, Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində "Nurol Makina" şirkətində İşin İnkişafı üzrə Direktoru Mehmet Çorbacıoğlundan müsahibə alıb.
- Mehmet bəy, sizin şirkət hansı məhsulları istehsal edir?
- Biz "Nurol Makina" olaraq 4x4 zirehli nəqliyyat vasitələrinin layihələndirilməsi və istehsalı ilə məşğul oluruq. Hazırda həm ordunun, həm də polisin ehtiyac duyacağı müxtəlif mühafizə səviyyələrinə və heyət tutumuna malik geniş çeşiddə texnikamız mövcuddur.
- Mehmet bəy, sərgidə nümayiş olunan texnikalar hamısı sürücü iştirakı ilə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Son zamanlar insansız nəqliyyat vasitələrinə təlabat daha çoxdur. Sizin şirkət həmin texnikaların insansız istifadə olunan versiyasını istehsal edirmi?
- Biz 10 ildən artıqdır ki, istehsalı bu standartla həyata keçiririk və sifarişçilərin tələbinə uyğun olaraq bu funksiyanı təmin edirik. Bütün nəqliyyat vasitələrimiz uzaqdan idarə olunma imkanına malikdir. Sifarişçinin istəyinə uyğun olaraq bunu istehsal etmək mümkündür.
- Hazırda sizin şirkətin ilik istehsal gücü nə qədərdir?
- Mərkəzi fabrikimiz Türkiyədə, Ankarada yerləşir. Bundan əlavə, Macarıstan və Böyük Britaniyada da fabriklərimiz var. Bu üç fabrikin ümumi gücünü nəzərə alsaq, ildə yüzlərlə zirehli texnika istehsal etmək iqtidarındayıq.
- İstehsal etdiyiniz texnikalar hansı ölkələrin arsenalında yer alır?
- "Nurol Makina"nın məhsulları 25-ə yaxın ölkədə istifadə olunur. Bura Cənubi Amerika, Afrika, Avropa, Asiya, Körfəz regionu və Uzaq Şərq ölkələri daxildir.
- Bu ölkələr arasında NATO üzvləri də varmı?
- Bəli, onların arasında xeyli sayda NATO ölkəsi var. Həmçinin texnikalarımız BMT-nin sülhməramlı əməliyyatlarında da geniş istifadə edilir.
- Məhsullarınız hansı standartlara cavab verir?
- Biz NATO üzvü olan ölkələrlə sıx əməkdaşlıq edirik. İstehsal etdiyimiz nəqliyyat vasitələrinin həm balistik, həm də minaya qarşı mühafizə göstəriciləri NATO standartlarına tam uyğundur və müvafiq sertifikatlara malikdir.
- Azərbaycana məhsul ixrac edirsinizmi?
- Hələ ki, məhsul ixrac etdiyimiz ölkələr arasında Azərbaycan yoxdur, amma bunu çox istəyirik. Çünki Azərbaycan bizim qardaş ölkəmizdir. Biz eyni kökdən gəlirik. Texnikalarımızın Azərbaycan ordusunun arsenalında yer alması üçün işlər aparırıq və ən qısa zamanda buna nail olmaq niyyətindəyik.
- Azərbaycan üçün ayrıca istehsal xəttinin və ya birgə müəssisənin yaradılması planlaşdırılırmı?
- Bu, Azərbaycan tərəfinin tələblərindən asılıdır. Şirkətimiz qardaş ölkə üçün hər cür addımı atmağa və əməkdaşlığa tam hazırdır.
- Sizin istehsalınız olan texnikaların qiyməti necə dəyişir? Öz sahənizdə istehsal ilə məşğul olan şirkətlərlə müqayisədə qiyməti müqayisə etmək olar?
- Qiymətlər sifarişçinin tələb etdiyi komplektasiyadan asılı olaraq dəyişir. Lakin rahatlıqla deyə bilərəm ki, biz nəqliyyat vasitələrində dünyanın ən yaxşı mühərrik, sürətlər qutusu və zireh sistemlərindən istifadə edirik. Buna baxmayaraq, qiymətlərimiz Avropa istehsalçıları ilə müqayisədə kifayət qədər münasibdir. Ən əsası isə Türkiyənin uzunillik terrorla mübarizə təcrübəsi sayəsində texnikalarımız real döyüş meydanında özünü doğruldub. Bu baxımdan məhsullarımız qiymət-keyfiyyət nisbətinə görə çox üstündür.
- Siz məhsullarınızın 25-dən çox ölkəyə ixrac olunduğunu bildirdiniz. Bəs ən çox hansı ölkəyə ixrac edirsiniz?
- İxracda əsas yer tutan ölkələrdən biri Qətərdir. Qətər bizim ixracda lider yer tutur.
- Mehmet bəy, Azərbaycan bazarı sizin üçün nə dərəcədə əhəmiyyətlidir? Azərbaycan şirkətləri ilə hər hansı birgə layihəniz varmı?
- Biz mövcud istehsal gücümüzlə Azərbaycanın həm ordusunun, həm də daxili qoşunlarının zirehli texnikaya olan ehtiyacını qısa müddətdə tam qarşılamağa hazırıq. Hazırda "MİRASH" şirkəti ilə anlaşma memorandumumuz (MoU) var və danışıqlarımız davam edir. Digər yerli şirkətlərlə də işgüzar əlaqələrimiz mövcuddur.
- Bu danışıqlar həm istehsal, həm də ixracı əhatə edir?
- Bəli, ilk növbədə Azərbaycanın daxili ehtiyacları, həmçinin region ölkələrinə birgə çıxış imkanları müzakirə olunur.
- Ətraflı məlumata görə, təşəkkür edirəm, çox sağ olun.





![Türkiyənin zirehli texnika istehsalçısı Azərbaycan üçün məhsul istehsal edəcək - [red]MÜSAHİBƏ+FOTO[/red] | FED.az](/upload/news/small/144529.jpeg)
![Türkiyənin zirehli texnika istehsalçısı Azərbaycan üçün məhsul istehsal edəcək - [red]MÜSAHİBƏ+FOTO[/red] | FED.az](/upload/news/small/4124108.jpeg)
![Türkiyənin zirehli texnika istehsalçısı Azərbaycan üçün məhsul istehsal edəcək - [red]MÜSAHİBƏ+FOTO[/red] | FED.az](/upload/news/small/918734.jpeg)
![Türkiyənin zirehli texnika istehsalçısı Azərbaycan üçün məhsul istehsal edəcək - [red]MÜSAHİBƏ+FOTO[/red] | FED.az](/upload/news/small/2570526.jpeg)
![Türkiyənin zirehli texnika istehsalçısı Azərbaycan üçün məhsul istehsal edəcək - [red]MÜSAHİBƏ+FOTO[/red] | FED.az](/upload/news/small/230239.jpeg)
![Türkiyənin zirehli texnika istehsalçısı Azərbaycan üçün məhsul istehsal edəcək - [red]MÜSAHİBƏ+FOTO[/red] | FED.az](/upload/news/small/2473668.jpeg)







