Rusiyanın Samara vilayətində yerləşən iri neft bazasında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində güclü yanğın başlayıb.
FED.az xəbər verir ki, bu barədə “UNIAN“ yerli telegram kanallarına istinadən məlumat yayıb.
Məlumata görə, “Samara” stansiyası “Transneft” sisteminin bir hissəsidir və 216 hektardan çox ərazini əhatə edir. Burada ümumi tutumu 1,6 milyon kubmetrdən çox olan 71 neft çəni yerləşir.
Stansiyaya Qərbi Sibir, Tatarıstan, Orenburq və Qazaxıstandan neft nəql edən dörd magistral neft kəməri birləşir.
Bundan əlavə, Rusiyanın Volqoqrad şəhərinə PUA-ların hücumu nəticəsində neft emalı zavodu və “Kaustik” kimya müəssisəsinin yerləşdiyi ərazidə güclü yanğın baş verdiyi bildirilir.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bölgənin sənaye infrastrukturuna kütləvi dron hücumu olduğunu təsdiqləyib.
Qeyd edək ki, “Kaustik” zavodu Volqoqradın Krasnoarmeysk rayonunda yerləşir. “LUKOIL”a məxsus Volqoqrad neft emalı zavodunun illik emal gücünün təxminən 15 milyon ton olduğu bildirilir.












