Türkiyənin aşağı büdcəli uçuşlar həyata keçirən "Pegasus Airlines" hava yolları şirkəti, Çexiyanın "Czech Airlines" (CSA) və "Smartwings Group" şirkətlərini satın alıb.
FED.az xəbər verir ki, bu əməliyyat nəticəsində iki aviaşirkətin ümumi təyyarə parkı 175 təyyarəni keçəcək.
Şirkətin açıqlamasına görə, bu əməliyyat Pegasus üçün beynəlxalq əməliyyatlarının genişləndirilməsi və Smartwings Group-un gələcək inkişafı baxımından əhəmiyyətli bir addımdır.
Xatırladaq ki,
1990-cı ildə qurulan Pegasus Airlines, 2005-ci ildə ucuz aviaşirkət modelinə keçdikdən sonra, hava səyahətlərini daha geniş auditoriya üçün daha əlçatan etmək məqsədi ilə fəaliyyətini davam etdirir. Hazırda "Pegasus" 57 ölkədə 161 istiqamətə uçuşlar həyata keçirir.
CSA brendi altında tətilə yönəlmiş hava nəqliyyatı sektorunda fəaliyyət göstərən Smartwings Group, Mərkəzi və Şərqi Avropada tanınmış aviaşirkət qruplarından biridir. Qrupun uçuş şəbəkəsi 20 ölkədə 80 istiqamətə uzanır.
Satın almadan sonra Smartwings mövcud brendi altında fəaliyyətini davam etdirəcək.
Pegasus Hava Yollarının baş direktoru Güliz Öztürk bildirib ki, iki şirkət ortaq məqsədlərə doğru birlikdə inkişaf edə və sərnişinlərə daha çox seçim təklif edə bilər.













