Son dövrlər icbari avtoməsuliyyət sığortası üzrə fəaliyyət göstərən sığorta vasitəçilərinin vətəndaşlarla ünsiyyət zamanı köhnəlmiş və birtərəfli kommunikasiya üsullarından (xüsusilə də kütləvi telefon zənglərindən) intensiv şəkildə istifadə etməsi müşahidə olunur.
FED.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, avtomobil sahibləri zaman-zaman vasitəçilərin zənglərinin onların rahatlığını pozduğunu bildirir, şəxsi məlumatlarının və əlaqə vasitələrinin həmin sığorta vasitəçilərinin əllərinə necə keçməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bir sıra hallarda isə vətəndaşa eyni sığorta şirkətinin adı ilə ard-arda bir neçə telefon zənginin olunması halları da qeydə alınır.
“İSB sığorta vasitəçilərini yuxarıda təsvir edilən arzuolunmaz hallara yol verməməyə, sığortalıların rahatlığını yersiz zənglərlə pozmamağa çağırır. Sığorta vasitəçiləri öz fəaliyyətlərini sığortalıların şəxsi rahatlığına hörmət və qarşılıqlı razılıq zəminində qurmalı, heç bir halda vətəndaşın iradəsinin əksinə hərəkət etməməlidir. Vasitəçilər nəzərə almalıdırlar ki, icbari sığorta satışlarını artırmaq məqsədilə aqressiv telemarketinq üsullarına müraciət olunması və bundan sui-istifadə edilməsi yolverilməzdir.
Həmçinin, vasitəçilər də daxil olmaqla bütün bazar iştirakçıları sığortalılara aid olan şəxsi məlumatlarla işləyərkən sığorta sirrini təşkil edən bu cür məlumatların qorunmasına və məxfiliyinə olduqca həssas yanaşmalı, bu məlumatların qanunsuz olaraq üçüncü tərəfə ötürülməsinə şərait yaratmamalıdırlar. Əks təqdirdə, buna yol vermiş bazar iştirakçıları qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyət daşıyırlar.
İSB sığorta sirri sayılan şəxsi məlumatların arzuolunmaz və icazəsiz istifadəsinin qarşısının alınması və bu kimi hallarla mübarizə ilə bağlı qəti və barışmaz mövqeyə malikdir. Bu səbəbdən, belə hallarla rastlaşan vətəndaşlardan bu barədə məlumatı (vətəndaşa zəng edərək onu narahat edən şəxsin telefon nömrəsi, adı, hansı sığorta şirkətinin adından çıxış etməsi və s.) araşdırılmaq üçün İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirmələri xahiş olunur”, - deyə açıqlamada qeyd olunub.