«REGİONAL» BOKT MMC 2024-cü ilin altı ayını mənfəətlə yekunlaşdırıb.
FED.az xəbər verir ki, qeyd olunan dövr ərzində şirkətin gəlirləri 543291,47 AZN, xərcləri 532808,82 AZN təşkil etmiş, ilin ilk yarımilliyi 10482,65 manat mənfəətlə başa vurulmuşdur.
Ötən ilin analoji dövrü ilə müqayisədə cəmiyyətin gəlirləri 2,5 dəfə, xərcləri 1,6 dəfə artmışdır. İlin əvvəlindən kredit portfeli 22,5% artaraq 3,303 mln manata çatmışdır. 2023-cü ilin ilk yarımilliyinin yekununa nisbətdə isə kredit portfeli 2,5 dəfə artmışdır. Şirkət ötən ili işlək satış şəbəkəsinin yaradılmasına, komanda quruculuğuna və institusional inkişafa fokuslanmışdır.
Ötən ilin əvvəlində BOKT Bakı şəhərində özünün yalnız bir ofisi ilə təmsil olunurdursa, hal hazırda satış nöqtələrinin sayı, ikisi bölgələrdə olmaqla, dördə çatdırılmışdır. Əməkdaşların sayı 3,5 dəfə artmışdır. Müştəri sayı isə 2,3 dəfə armışdır. Eyni zamanda, inkişafla bağlı şirkətin xərcləri də kəskin artmışdır. Buna görə də gəlirlərin artmasına baxmayaraq 2023-cü il balans zərəri ilə başa vurulmuşdur. Təşkilat 2023-cü ildə dayanıqlı infrastruktur formalaşdırılmasını hədəflədiyinə görə həmin il üçün büdcəsində mənfəət nəzərdə tutmamışdır.
Ötən ilin noyabr ayında «REGİONAL» BOKT MMC-nin “2024-2026-cı illər üzrə dayanıqlı inkişaf strategiyası” təsdiq edilmişdir və hal-hazırda şirkət Strategiyadan irəli gələn vəzifələrin icrasını həyata keçirməkdədir.
Xatırladaq ki, «REGİONAL» BOKT MMC 2014-cü ildə təsis edilmişdir və Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət təminatlı və təminatsız mikrokreditrlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur. BOKT-nın əsas prioriteti müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrini qoruyaraq, onların sayını və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksək həddə çatdırmaq, artan xətt üzrə şəffaf və sağlam biznes əlaqələrini qurmaqdır.