Bu gündən etibarən İranda xarici valyuta bazarını idarə etmək məqsədilə ölkənin 4 bankında – “Mellət”, “Tejarat”, “Saderat” və “Saman” banklarında xarici valyutanın satışına başlanılıb.
FED.az xəbər verir ki, İranın Mərkəzi Bankının məlumatına görə, bu gündən etibarən yaşı 18-dən yuxarı olan bütün İran vətəndaşları şəxsiyyət vəsiqələrini təqdim etməklə 10 min dollara qədər valyuta ehtiyacını təmin edə bilərlər.
İranın Mərkəzi Bankı proqram çərçivəsində 2 milyard dollara qədər valyuta təmin etmək niyyətindədir. İlk mərhələdə 1 milyard dollar vəsait banklar və bank valyuta-dəyişmə məntəqələri vasitəsi ilə müştərilərə satılır.
Qeyd edək ki, son vaxtlar İrana qarşı məhdudiyyətlər və sanksiyaların tətbiq olunması, müxtəlif iqtisadi problemlər səbəbindən İran rialı qarşılığında xarici valyutaların qiyməti ciddi şəkildə artıb.
İranın Mərkəzi Bankı tərəfindən bu günə olan məzənnəyə əsasən, İranda 1 ABŞ dolları 1,75 milyon rial, 1 avro 2,31 milyon rial, 1 Azərbaycan manatı isə 1,03 milyon ria təşkil edir.
Halbuki qara bazarda 1 ABŞ dolları 2,63 milyon rial, 1 avro 2,96 milyon rial və 1 Azərbaycan manatı 1,56 milyon riala alqı-satqı olunur.












