Mərkəzi Bankın idarə heyətinin qərarı ilə Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edilib
FED.az xəbər verir ki, bunlar, “Fintrend” BOKT və “T-Kredit” BOKT-lardır. AMB-nin bununla bağlı məlumatında deyilir ki:
“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” BOTK” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli Qərarı ilə, “T-Kredit” Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
Xatırladaq ki, “T-Kredit” BOKT bir qədər əvvəl fəaliyyətini dayandırmış BTB Bank-ın yerində yaradılmış və cəmi 2 ay əvvəl lisenziya almışdı
İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunmasına görə “Fintrend” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 05.06.2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.












