Ölkənin qərbində – Şəmkirdə sənaye istehsalı ilə məşğul olan şirkət “Zəyəm Tenxologiyalar Parkı” ASC bu ilin ilk yarısı üçün maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ardıcıl 4 ildir ki, ziyanla işləyən şirkət bu il də «zərərli vərdişi» davam etdirib və yarım ili təqribən yarım milyon manat zərərlə bağlayıb. Baxmayaraq şirkə şirkətin gəlirləri artmaqdadır.
2026-cı ilin 6 ayında şirkətin əsas əməliyyat gəlirləri 9 milyon 801 min manat olub. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 240 min manat (2,5%) artıqdır. Hesabat dövründə ASC-nin satışlarının maya dəyəri 8 milyon 260 min manat olub.
Xatırladaq ki, ötən ilin ilk yarısında şirkətin əsas əməliyyat gəlirləri 9 milyon 561 min manat, satışlarının maya dəyəri 7 milyon 875 min manat olmuşdu.
Maya dəyərinin daha sürətli artması şirkətin ümumi mənfəətinə mənfi təsir edib. Belə ki, cari ilin hesabat dövründə şirkətin ümumi mənfəəti 1 milyon 541 min manat olub ki, bu da, ötən ilin eyni dövrünə nəzərən 145 min manat (8,6%) azalma deməkdir.
Bu ilin ilk yarısında şirkətin sair əməliyyat gəlirləri 54,5 min manat (3 dəfə çox), kommersiya xərcləri 174,7 min manat (56 min manat və ya 48% çox), inzibati xərcləri 1 milyon 540 min manat (695 min manat və ya 82% çox), sair əməliyyat xərcləri 341 min manat (246 min manat və ya 42% az) təşkil edib.
Yekun olaraq, “Zəyəm Tenxologiyalar Parkı” ASC bu ilin ilk ayrısını 460 min manat zərərlə başa vurub. Halbuki, ötən ilin ilk yarısında şirkət 155 min manat xalis mənfəət açıqlamışdı.
Sözgüdən dövrdə ASC-nin cəmi aktivləri 18,8 milyon manat olmaqla, ötən ilin sonuna nəzərən 513 min manat və ya 2,7% azalıb. Öhdəliklərin həcmi ötən ilin sonundan bəri demək olar ki, dəyişməyib, cəmi 52 min manat (0,3%) azalaraq 15 milyon 841 min manata bərabər olub.
Qeyd edək ki, ötən ilin sonunda şirkətin aktivlərinin həcmi 19 milyon 306 min manat, öhdəliklərinin həcmi 15 milyon 893 min manat olmuşdu.
Nəticədə, bu ilin ilk yarısının sonunda “Zəyəm Tenxologiyalar Parkı” ASC-nin cəmi kapitalı 2 milyon 952 min manata bərabər olub. Bu da, son altı ayda 461 min manat və ya 13,5% azalma deməkdir.
Xatırladaq ki, “Zəyəm Tenxologiyalar Parkı” ASC-nin kapitalına indiyədək 30 milyon manata yaxın pul yatırılıb. Bunun 18 milyon 305 min manatı nizamnamə kapitalının, 11 milyon 276 min manatı kapital ehtiyatlarının payına düşür. Amma ardıcıl zərərlər nəticəsində bu pulun 90%-i «əriyib». Belə ki, hazırda “Zəyəm Tenxologiyalar Parkı” ASC-nin 26,6 milyon manat zərəri toplanıb.
Məlumat üçün bildirək ki, “Zəyəm Tenxologiyalar Parkı” ASC-nin səhmlərinin 97,29%-i “Azmade Group” MMC-yə məxsusdur. Səhmlərin 2,71%-i isə 168 nəfər fiziki şəxsə məxsusdur. Ötən ilin birinci yarısının sonunda şirkətdə paya sahib olan fiziki şəxslərin sayı 170 nəfər idi.







![3%-i 168 nəfərə məxsus olan "Zəyəm Tenxologiyalar Parkı" - [red]ZƏRƏRDƏN ÇIXA BİLMİR – DAHA YARIM MİLYON MANAT[/red] | FED.az](/upload/news/small/3175106.jpeg)
![3%-i 168 nəfərə məxsus olan "Zəyəm Tenxologiyalar Parkı" - [red]ZƏRƏRDƏN ÇIXA BİLMİR – DAHA YARIM MİLYON MANAT[/red] | FED.az](/upload/news/small/3132979.jpeg)
![3%-i 168 nəfərə məxsus olan "Zəyəm Tenxologiyalar Parkı" - [red]ZƏRƏRDƏN ÇIXA BİLMİR – DAHA YARIM MİLYON MANAT[/red] | FED.az](/upload/news/small/1388667.jpeg)







