Dünyada benzin və ümumiyyətlə ənənəvi daxili yanma mühərriki ilə işləyən avtomobillərin dövrü bitir.
FED.az xəbər verir ki, ilk dəfə olaraq 2026-cı ilin birinci yarısında dünyanın avtomobil bazarında benzinlə işləyən avtomobillərin satışı ümumi satışlarda 50%-dən aşağı düşüb.
2026-cı ilin birinci yarısında ənənəvi benzin mühərrikli avtomobillər qlobal bazarın 49%-ni təşkil edib.
Belə ki, cari ilin ilk altı ayında dünyada 20,25 milyon benzinlə işləyən nəqliyyat vasitəsi satılıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10% azdır. Bir il ərzində belə maşınların dünya satışlarındakı payı 4% azalıb.
Bir neçə illik statistikaya baxdıqda isə benzinlə işləyən avtomobilərin azalması sürətlə davam edir: 2021-ci ildə benzin avtomobilləri dünyadakı satışların 73%-ni təşkil edib. Beləliklə, cəmi beş il ərzində onların payı 24% azalıb.
Əvəzində elektrikli avtomobillərin satışları sürətlə artır. 2026-cı ilin birinci yarısında qlobal miqyasda təxminən 6,9 milyon elektrikli nəqliyyat vasitəsi satılıb ki, bu da əvvəlki ilə nisbətən 12% çoxdur. Dünyadakı elektromobillərin təxminən yarısı Çində satılır.
Benzin və dizellə işləyən maşınların satışlarının azalmasına dünyadakı vəziyyət də təsirini göstərir. Son aylar İranla münaqişə və yanacağın bahalaşması da ənənəvi mühərrikli avtomobil sahiblərinin xərclərini artırıb və onları elektrik maşınlarına həvəsləndirib.












