2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 1 milyard 44,1 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
BOKT-ların cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 190,1 milyon manat, yəni 22,3%, ötən ilin sonuna nəzərən 50,8 milyon manat, yəni 5,1%, son rüblə müqayisədə isə 80,7 milyon manat, yəni 8,4% artıb.
Aktivlərin artımında əsas rolu müştərilərə verilmiş xalis kreditlər oynayıb. Xalis kredit portfeli 747,7 milyon manata çatıb.
Bu, illik müqayisədə 117 milyon manat (18,5%), ilin əvvəlinə nəzərən 30,8 milyon manat (4,3%), son rüblə müqayisədə isə 75,9 milyon manat (11,3%) artım deməkdir.
BOKT-ların investisiyaları da bir ildə 39,7 milyon manat (58,8%) artaraq 107,2 milyon manata, digər aktivləri 14,0 milyon manat (16,2%) artaraq 100,2 milyon manata çatıb. Cari hesablar isə bir ildə 15,1 milyon manat (44,8%) artaraq 48,8 milyon manat təşkil edib.
Qiymətli kağızlar portfeli isə tamamilə sıfırlanıb.
Xatırladaq ki, BOKT-ların cəmi aktivləri bu ilin iyulun 1-nə 963,4 milyon manat, ötən ilin sonunda 993,3 milyon manat, 2024-cü ilin iyulun 1-nə isə 854 milyon manat təşkil edib.












