FED.az xəbər verir ki, kredit müştərilərinin «qara siyahıya» düşməsinin səbəbləri və mənfi kredit tarixçələrinin «təmizlənməsi» üsulları ilə bağlı suallara, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin Üzvü, «Viator» Bank olmayan Kredit Təşkilatının (BOKT) idarə heyətinin sədri Aynur Əliyeva cavab verir.
Eləcə də bax: "Xarici borclarımızı ödədik, vəziyyətimizi düzəltdik" - BOKT SƏDRİNDƏN AÇIQLAMA
- Aynur xanım, zəhmət olmasa, əvvəlcə rəhbərlik etdiyiniz «Viator» BOKT haqqında məlumat verərdiniz.
- «Viator» BOKT, Azərbaycanda iqtisadi cəhətdən fəal, ancaq imkansız insanlara kömək etməklə onların gəlirlərini müvafiq və davamlı mikro maliyyə xidmətləri ilə artırmaq məqsədilə Norveç Krallığı tərəfindən təsis edilib və ölkəmizdə artıq 20 ildir ki, fəaliyyət göstərir.
Vaxtilə, 2015-ci ildə baş verən devalvasiyadan əvvəl «Viator» BOKT-un 20 milyon manatlıq aktiv kredit portfeli və 20 mindən artıq aktiv müştərisi olub. Devalvasiyadan sonra müştəri sayı və kredit portfeli azalsa da - çünki kredit portfelinin 50%-i dollarda idi - sonra uğurlar əldə etdik və son 3 il ərzində bütün problemləri arxada qoyduq. Hazırda isə, bildiyiniz kimi, koronavirus pandemiyası bu sektora mənfi təsirini göstərməkdədir.
- «Viator» BOKT hansı coğrafiyada fəaliyyət göstərir və daha çox hansı sahələri maliyyələşdirir?
- Biz əsasən Azərbaycanın qərb bölgələrində fəaliyyət göstəririk. Bizim Şəmkir, Qazax, Gəncədə, Şəki və Balakəndə filiallarımız mövcuddur və Goranboy da daxil olmaqla Zaqatala-Qaxa qədər ərazilərdə işləyirik.
Əsasən regionlarda çalışdığımız üçün kənd təsərrüfatına üstünlük veririk, xüsusilə ailə təsərrüfatlarına. Bizim missiyamız və hədəfimiz bundan ibarətdir.
- Aynur xanım, kredit müştərilərinin tarixçələrinin korlanması ən çox hansı hallarda baş verir?
- İlk növbədə ən böyük problem odur ki, müştəri kredit üçün müraciət edəndə öz ehtiycalarını düzgün təhlil etmir, maliyyənin düzgün yerləşdirilməsi üçün kifayət qədər bilgiləri olmadığı üçün böyük məbləğ götürür və onu necə istifadə edəcəyini bilmir. Yəni, ya lazım olmadığı halda, ya da lazım olduğundan daha artıq kredit götürür.
Bu xüsusilə istehlak kreditlərində müşahidə edilir. Məsələn, «Viator» BOKT istehlak kreditlərinə o qədər də üstünlük vermir. Çünki bu kreditlər müştərilərə daha çox problemlər yaradır. Bunu praktikada görürük, məsələn, onlar gedib hər hansı əşya alırlar və ya ev təmir edirlər, amma sonra bu krediti qaytara bilmirlər. Çünki vaxtında gəlirlərini və xərclərini düz qiymətləndirməyiblər. Nəticədə gecikmələr başlayır və kredit tarixçəsi korlanır.
- Bəs biznes necə, biznesi olanlar kreditləri daha ehtiyatla götürürlər?
- Təbii ki, biznes üçün götürülən kreditlərdə müştərilər daha ehtiyatlı olurlar. Bizim bəzi müştərilər artıq 20-ci dəfədir ki, bizdən kredit götürür, kredit tarixçəsi bizimlə başlayıb və indiyədək davam edir. Onun kredit tarixçəsi çox sağlam olduğuna görə, biz də ona həvəslə kredit veririk. Eyni zamanda kredit verilərkən bizim mütəxəssislərimiz də müraciəti təhlil edirlər, onlar müştəriyə izah edirlər ki, onun istədiyi qədər məbləğə əslində ehtiyacı yoxdur. Yəni lazımsız yerə özünü kreditlə yükləməsin. Onlar da bizim mütəxəssislərlə razılaşırlar.
- Bu yanaşma BOKT-un kredit portfelini də təhlükəsiz saxlamağa imkan verir, elədirmi?
- Əlbəttə, biz 20 ildir ki, maliyyə bazarında fəaliyyət göstəririk. Devalvasiyadan əvvəl bizim riskli kreditlərimizin həcmi çox aşağı idi, cəmi 0,1-0,2% ətrafında. Hətta xarici investorlar bu göstəriciyə çox təəcüblənirdilər və biz bu göstəriciyə görə, xarici investorlardan böyük vəsaitlər cəlb edə bilmişdik. İnvestolar bizdən soruşurdular ki, buna necə nail olursunuz?
- Bu sualı biz də veririk...
- Əvvəl bizdə məbləğlər çox kiçik idi, biz böyük məbləğdə kreditlər vermirdik və bununla da həm müştərini, həm də təşkilatı qoruyurduq. Devalvasiyadan sonra problemli kreditlər yarandı, amma bunlar müştərilərdən asılı olmayan səbəblər idi. Dollarda kredit götürmüşdülər və bu sonradan problemə çevrildi.
- Aynur xanım, müştərilərin hansı hissəsi əslində ona lazım olandan daha artıq pul istəyir?
- Biz bütün müraciətləri, onlara verilən cavabları və səbəblərini monitorinq edirik. Məsələn, filial rəhbəri məruzə edir ki, müştəri 3 min manat kredit istəyirdi, amma təhlil etdikdən sonra biz ona 2500 manat kredit ayırdıq, əks halda onun kredit ödəməsi çətin olacaqdı. Yəni biz burada həm müştərini, həm də öz risklərimizi düşünürük.
Ümumilikdə, ay ərzində müraciət edən müştərilərin 10-15%-i müraciət etdiyindən daha az kredit və ya ümumiyyətlə imtina alır.
- Kreditlərin vaxtında qaytarılmaması və kredit tarixçəsinin pisləşməsi ən çox hansı səbəbdən baş verir – müştərinin ödəniş etməyə imkanı olmur, bizneslərində problem yaranır, yoxsa sadəcə məsuliyyətsizlikdən?
- Ümumiyyətlə, Azərbaycanda insanların kredit ödəmə qabiliyyəti hazırda çox aşağı düşüb. Amma azərbaycanlılarda kredit ödəmə mədəniyyəti var. Mən beynəlxalq tədbirlərdə çox olmuşam, xarici təcrübə ilə yaxından tanışam. Bizim xarici investorlar da buradakı vəziyyəti təhlil edərkən bizə bildirirdilər ki, başqa ölkələrlə və başqa millətlərdən fərqli olaraq Azərbaycanda kredit ödəmə mədəniyyəti var.
Sadəcə bu problemlər - əvvəlcə devalvasiya, hazırda da pandemiyanın təsirindən görünür ki, insanların 80%-nin kredit qaytarmaqda problemləri var. Müflisləşənlər, sadəcə biznesi dayananlar, yəni özlərindən asılı olmayan səbəblərə görə bu vəziyyət yaranıb. Amma qalan 20% müştərilərin problemi məsuliyyətsizlik səbəbindən yaranır. Vəziyyətdən sui-istifadə edənlər, «başqası ödəmir, mən də ödəməyəcəm» fikri ilə hərəkət edənlər var. Biz belələrinə dəfələrlə izah edirik, hətta pulsuz maliyyə savadlılığı təlimləri də keçirik ki, bununla siz ilk növbədə özünüzə problem yaradırsınız, tarixçəniz pozulur və ondan sonra biznesiniz üçün həqiqətən pul lazım olanda - sizə heç bir bank və kredit təşkilatı pul verməyəcək.
- Kredit ləngiyəndə müştərinin tarixçəsi nə vaxt korlanır və bu məlumatlar nə qədər vaxt yaddaşda qalır?
- Ümumiyytlə, qaydalara görə, AMB yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatlar ayda bir dəfə yenilənir. Kredit ödənişinin ləngiməsi 1 aydan çox davam edərsə, bu artıq bankdan və ya BOKT-dan asılı olmayaraq kredit reyestrində qeydə alınır və görünür. Biz devalvasiya və ya pandemiya vaxtı müştərilərə ümumiyyətlə cərimə hesablamırdıq, amma faiz hesablanması və gecikmələri reyestrdə qeydə alınır. Bundan sonra istənilən kredit təşkilatı və ya elə müştərinin özü də sorğu verərsə, orada kreditlərin necə qaytarıldığını və hansı problemlərinin olduğunu görə bilər. Bu məlumatlar 7 il saxlanılır.
- Aynur xanım, qadın və kişi müştərilər arasında ödəmə intizamı ilə bağlı fərqlər varmı?
- Əslində qadınlar krediti daha səliqəli ödəyirlər. Ola bilsin, onlar ləngitməyə çəkinirlər. Burada mentalitet də var – narahat olurlar ki, birdən kredit işçisi evə gələr, evə, işə zəng edər və ya iş məhkəməyə gedər. Yəni qadınlar krediti daha səliqəli ödəyirlər. Amma biz bu statistikanı davamlı olaraq izləyirik və deyə bilərəm ki, son vaxtlar artıq qadınlar da kişilər kimi ödəməyə başlayıblar, Yəni əvvəlkinə nisbətən daha səhlənkar olublar.
- Kredit tarixçəsindəki bu problemləri təmizləmək mümkündürmü?
- Əlbəttə mümkündür. Amma bunun üçün müəyyən addımlar atılmalıdır. Bəzən problemli müştəri gəlib borcunu bağlayır və xahiş edir ki, kredit reyestrində onun barəsində olan, yəni əvvəllər krediti gecikdirdiyi haqqında məlumatları silək. Bu mümkün deyil və biz onlara izah edirik ki, bu tarixçədir, yəni baş veribsə, orada qeydə alınır. Amma əlbəttə ki, kredit tarixçəsini də düzəltmək olar.
- Bunun yolları hansılardır? Pis kredit tarixçəsini necə yaxşıya çevirmək olar?
- Bunun üçün birinci alət restrukturizasiyadır - yəni kreditin müddətinin və qrafkinin dəyişdirilməsi, möhlət verilməsi. Bu ən birinci və vacib alətdir, hansı ki, bütün banklar və BOKT-lar istifadə edir. Kredit təşkilatları marağındadır ki, insanların kredit tarixçələri düzəlsin. Bunun iki səbəbi var. Əvvəla, ona görə ki, bu halda müştəri özü də rahat olur. Adətən müştərinin borcu üst-üstə yığılanda o panikaya, depressiyaya düşür, ödəmə qabilyyəti ümumiyyətlə sıfıra enir. İkinci tərəfdən, problemli kredit olanda, BOKT-nın və eyni ilə bankın göstəricisi də aşağı düşür. Ona görə də biz həmişə çalışırıq ki, müştəri ilə təmasda olaq.
- Müştərilər buna necə maraq göstərirlər?
- Əksər müştərilər razılaşırlar. Amma bəziləri bildirir ki, onsuz da ödəməyəcək, «nə edirsinizsə, edin» və sair. Amma biz onlara izah edirik ki, bu hərəkət sonradan onun özünə problem yaradacaq. Doğrudan da, belələri neçə ildən sonra gəlirlər ki, bizə heç kim kredit vermir, kömək edin.
Biz kömək etməyə çalışırıq, bunun üçün əvvəlcə kreditin gecikmə səbəbini araşdırırıq, əgər üzrlü səbəbdirsə, məsələn, xəstə olubsa, arayış göstərir, və ya Rusiyaya gedib qayıda bilməyib, “stop” qoyulub v sair. Biz araşdırırıq, əgər həqiqətən dedikləri doğrudursa, müştəriyə kömək məqsədlə onun biznesini monitorinq etmək şərtilə kiçik məblədə kredit veririk.
- Bu artıq kredit tarixçəsini “təmizlərmək” üçün ikinci üsuldur?
- Bəli, bu kiçik kredit - həmin müştərinin tarixçəsini müsbətə dəyişmək üçün bir təkan və ya güzəşt sayıla bilər. Özü də ciddi şəkildə xəbərdarlıq edirik ki, krediti vaxtında qaytarmaq lazımdır. Problem olmasa, daha sonra nisbətən böyük məbləğdə kredit verilir və sair. Digər kredit təşkilatları da görür ki, ona kredit verilib, gecikmə olmayıb və artıq ikinci krediti alır. Yəni vətəndaş daha məsuliyyətli olub.
Bundan başqa, ola bilər müştərinin vaxtilə krediti ləngitməsinin çox üzürlü səbəbi var. Biz bunu araşdırıb əmin olsaq, ona normal, böyük kredit də veririk. Başqa BOKT-lar və banklar da görür ki, belə böyük gecikməsi olsa da, «Viator» BOKT ona yenidən kredit verir. Hər şey normal olanda həmin müştəri tədricən normal rejimə qayıdır.
- Restrukturizasiya tədbirlərinə nə vaxt başlanılır? Bunun üçün müştəri müraciət edir, yoxsa BOKT müştəriyə bunu təklif edir?
- Müştərinin krediti gecikən kimi, biz onunla əlaqə saxlayıb səbəbini soruşuruq. Əgər problem kiçikdirsə, 2-3 günlük gecikmədən söhbət gedirsə, gözləyirik. Amma müştəri ödəmə ilə bağlı çətinliyinin olduğunu bildirib, gələn ay da ödəyə bilməyəcəyini deyirsə, biz onu dəvət edirik ki, kreditinin müddətini dəyişək. Bəziləri bunun vacibliyini başa düşüb gəlir. Hazırda pandemiya dövründə insanlar artıq kütləvi şəkildə restrukturizasiya edirlər və biz də buna çox açığıq və kömək edirik. Bəziləri isə bildirir ki, buna ehtiyac yoxdur, və gəlib 2-3 aylıq ödənişi birdən edəcək. Bəzi müştərilər bildirir ki, sentyabrda karantin üçün güzəşt bitəndən sonra gəlib borcu bağlayacaq.
- Pandemiya dövründə neçə müştərinin krediti restrukturizasiya edilib?
- İndiyədək 489 min manat civarında kreditləri restrukturizasiya etmişik.
- Kredit tarixçəsini təmizləmək üçün müştərilər kiçik məbləğdə kreditə razılaşırlar?
- Əlbəttə, bəziləri böyük məbləğ istəyirlər. Məsələn, 3 min istəyir, girov da təqdim edirlər. Amma biz ona daha az, məsələn 1000 manat veririk. Onlar əksər hallarda razılaşır.
- Aynur xanım, kredit ayrılanda ilk növbədə nəyə baxılır – girova, yoxsa biznesə?
- İlk növbədə biznesə baxırıq. Əgər həqiqətən qabağa gedə bilirsə, vəsaiti sırf biznesə qoyursa, onda əlavə girov götürməklə kredit veririk. Bir qayda olaraq problemli müştəridirsə, biz ona istədiyindən daha az kredit ayırırıq. Məsələn, 3 min manat istəyirsə, 1500 manat. Bəzən razılaşırlar, bəzən isə razılaşmırlar, amma bütün BOKT-lara və banklara müraciət edib imtina aldıqdan sonra sonra yenidən bizə qayıdır. Çünk bizim müştərimiz olub və biz də ona kömək edirik.
O ki qaldı girova, girov əlavə təminatdır, həlledici deyil. Çünki kredit qaytarılmayacaqsa, hətta girov olsa da, bizim üçün böyük problemdir. Girovu satmaq üçün məhkəmə prosesi başlamalıdır, burada isə çoxsaylı mərhələlər var və sair. Həm də kreditin qayıtmaması pul qıtlığı yaradır, həmin pulu başqa, daha çox ehtiyacı olan müştəriyə verə bilərik.
- Bəzən müştərilər kredit təşkilatlarının restrukturizasiya planına etibar etmirlər, hesab edirlər ki, kredit təşkilatları bunu onlardan əlavə ödəniş və ya faiz almaq üçün edirlər.
- Haqlısınız, bəzi müştərilər hesab edir ki, bu zaman əlavə faiz ödəyəcəklər. Amma biz hazırda «Viator» BOKT olaraq əlavə faiz hesablamırıq. Sadəcə olan borcun ödəmə müddətini uzadırıq, ödəmə məbləğini isə aşağı salırıq. Müqaviləni imzalayanda özləri də ödəniş cədvəlini görür və müqayisə edib artıq ödəniş etməyəcəklərinə əmin olurlar.
- Aynur xanım, kredit tarixçəsini «təmizləmək» məqsədilə təkrar kredit götürəndə onu vaxtından əvvəl qaytarmaq şərtdir?
- Xeyr, buna ehtiyac yoxdur, məsələn, tutaq ki, müştəri 24 aylıq kredit götürübsə və ayda 200 manat ödəməlidirsə, bunu vaxtında və qəpiyinə kimi ödəməlidir. Burada bir məqamı hökmən qeyd edim, çünki müştərilərin əksəriyyəti məhz bu, ilk baxışdan əhəmiyyətsiz məqama görə problemlə üzləşirlər. Məsələn, ödəmə məbləği 191 manat ola bilər. Bəzi müştərilər 190 manat ödəyir, ilk baxışdan kiçik məbləğdir. Amma kredit qaytarılmasını ölçən proqram bunu gecikmə kimi qəbul edir və məlum olur ki, bu müştəri krediti tam ödəmir və ya gecikdirir. Biz də müştərələrə məsləhət görürük ki, krediti, necə deyərlər, qəpiyə-qəpik ödəsinlər ki, belə hallar ortaya çıxmasın.
- Bəzən müştərinin aylıq gəlir qrafiki kredit ödəniş tarixindən sonra olur. Nəticədə hər ay o gecikməyə düşür. Belə məsələlər necə həll olunur?
- Çox yaxşı məqama toxundunuz, pandemiya vaxtı kütləvi şəkildə filiallara müştəri müraciətləri olub. Onlar bildirirlər ki, maaşlarımız gecikir. Qaydaya görə, bu ödəniş ayın daxilində baş verirsə, ona əlavə faiz hesablamırıq və onun ay içərisində ödəniş cədvəlini dəyişirik.
- Aynur xanım, son 10 ildə müştərilərin kredit ödəmə məsuliyyəti necə dəyişib? Müştərilər daha məsuliyyətli olublarmı?
- Əlbəttə, müştərilərdə çox ciddi dəyişikliklər olub. Əvvəllər Kredit Reyestri yox idi, hansı müştərinin krediti necə qaytardığı bilinmirdi. Yalnız kredit təşkilatları arasında bir «qara siyahı» vardı – problemli müştərilərin siyahısı, o siyahını hamı bir birinə ötürürdü. Elə müştəri də vardı ki, ümumiyyətlə krediti alıb ölkəni tərk edirdi.
Amma Kredit Reyestri işə düşəndən sonra vəziyyət dəyişdi. İnsanlar bir bankın və ya BOKT-un kreditini qaytarmayıb, başqa BOKT-a müraciət edəndə ona bildirirdilər ki, əvvəlki kredit təşkilatında kreditlə problem olub. Bu hal müştərilərə təsir etdi, onlar daha səliqəli oldular. Bizim bəzi müştərilər də etiraf edirlər ki, krediti ona görə gecikdirmirlər ki, adları «qara siyahı»ya düşməsin.