Azərbaycan Mərkəzi Bankı 2025-ci ili 724.32 mln. manat mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 0.4% çoxdur.
Mərkəzi Bankın valyuta ehtiyatları 12,7 milyard dollara çatıb
FED.az bu barədə AMB-nin audit hesabatına istinadən xəbər verir. Hesabatı KPMG audit şirkəti aparıb.
Mənfəətdəki artım əsasən 367.75 mln. manatadək yüksələn sair faiz gəlirləri (114.3% artım) və 262.71 mln. manat təşkil edən ədalətli dəyər dəyişikliyi mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlə dəstəklənib. Bununla yanaşı, effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 34.8% azalaraq 356.03 mln. manata düşüb, faiz xərcləri isə 6.4% artaraq 230.52 mln. manata çatıb.
Mərkəzi Bankın xalis faiz gəlirləri illik müqayisədə 1.1% azalaraq 493.26 mln. manat olub. Haqq və komissiya gəlirləri 0.3% artaraq 27.86 mln. manata yüksəlib, haqq və komissiya xərcləri isə 1.9% azalaraq 9.37 mln. manat təşkil edib. Xarici valyutanın yenidən qiymətləndirilməsi üzrə xalis gəlir ötən ilin 59.77 mln. manatlıq zərərinə qarşı 63.42 mln. manat mənfəətə çevrilib. İnzibati əməliyyat xərcləri isə 29.4% artaraq 144.13 mln. manata yüksəlib.
AMB-nin ötən ilki xalis mənfəətindən sonra kapital balansındakı bölüşdürülməmiş mənfəəti 1.12 mlrd. manatı keçib.













