Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən xəbərə görə, nazir Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak ediblər.
Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır: “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) və Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün əhəmiyyətli perspektivlər mövcuddur. Birgə layihələrin müəyyənləşdirilməsi, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üzrə konstruktiv dialoq ikitərəfli əməkdaşlığa töhfə verəcək”.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında biznes, ticarət və iqtisadi investisiyalar sahəsində ikitərəfli imkanların genişləndirilməsinə sadiq olduqlarını vurğulayan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr bildirib ki, bu istiqamət ABŞ-ın Vitse-Prezidenti Cey Di Vens və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu ilin fevral ayında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas prioritetlərindən biridir: “Dialoq çərçivəsində müzakirə olunacaq layihə və təşəbbüslərin nəticələri, eləcə də ikitərəfli iqtisadi münasibətlərin daha da gücləndirilməsi üçün mövcud imkanlar Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək”.
Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel sessiyalar keçirilib.
İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar müzakirə olunub.
Enerji təhlükəsizliyi üzrə sessiyada Cənub Qaz Dəhlizinin inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə olunub.
İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin, investorlar üçün təşviq mexanizmlər, üstünlüklər və əlverişli hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları diqqət mərkəzində olub.
Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə ABŞ-nin yüksək texonolji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb.
***
İqtisadiyyat naziri Mikayıl Cabbarov birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib ki, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində keçirilən ilk iqtisadi dialoq Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığı genişləndirəcək.
Nazirin sözlərinə görə, ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşlər Strateji Tərəfdaşlıq Xartiyası əsasında əməkdaşlığın inkişafına həsr olunub.
“Münasibətlərimiz Prezident İlham Əliyevin və Prezident Donald Trampın baxışı və liderliyi üzərində qurulub. Hamınız 2025-ci ilin avqustunda Vaşinqtona tarixi səfəri yaxşı xatırlayırsınız. Həmin səfər zamanı Strateji Tərəfdaşlıq Xartiyasına yönəlmiş siyasi anlaşma və memorandum razılaşdırılmışdı”, – Mikayıl Cabbarov vurğulayıb.
Nazir qeyd edib ki, Xartiya çərçivəsində əməkdaşlıq regional bağlantılar, ticarət, investisiya və iqtisadiyyat, enerji, təhlükəsizlik, eləcə də süni intellekt və rəqəmsal infrastruktur sahələrini əhatə edir: “Dialoq çərçivəsində çox konstruktiv, məhsuldar və nəticəyönümlü müzakirələr apardıq. Bu proses həm də Bakıda keçirilən Enerji Həftəsi fonunda baş tuturdu”.
Mikayıl Cabbarov əlavə edib ki, Prezident İlham Əliyevin iştirakı ilə kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişi də imzalanıb: “Bu sənəd iqtisadi əməkdaşlığımızda yeni səhifə açır. Bu sahə müasir iqtisadiyyat və sənaye ehtiyacları baxımından olduqca vacibdir. ABŞ-ın bu istiqamətdə ixtisaslaşmış özəl şirkətləri ilə əməkdaşlığa böyük maraq göstəririk”.














