Rusiyanın «Lada» avtomobillərinin Azərbaycanda satışı 2018-ci ildə kəskin artıb. Şirkətin baş meneceri Zakir Bəşirov FED.az-a bildirib ki, 2017-ci illə müqayisədə satışlarda 15-20% artım var.
Satışların böyük hissəsi əvvəlki illərdə olduğu kimi «Niva»ların payına düşür. Azərbaycanda satılan hər 100 «Lada»dan 35-40-ı «Niva»dır: «Sonrakı yerləri 25-30%-lə «Vesta»lar, 25% «Qranta», bir neçə faizi isə «Lada X Ray» avtomobilləri tutur».
Baş menecer bildirir ki, «Niva»ları eyni şəkildə həm Bakı, həm də bölgələrdə alırlar. Amma satışların böyük hissəsi Bakının payına düşür.
Eləcə də bax: Özbəkistan da elektromobil istehsalına - BAŞLAYIR
Amma son illər «Lada»lar arasında ən çox «Vesta»lara maraq artmaqdadır. Z.Bəşirov bildirib ki, bunun səbəbi həmin modellərlə baş verən rebrendinq və avtomobilin təkmilləşməsidir Nəticədə avtomobilin xarakteristikası və texniki göstəriciləri yaxşılaşıb: «İndi bu modellərdə park-radar, sensorlu monitor, təhlükəsizlik yasdıqları var, hər şey xarici modellərdə olduğu kimidir».
Modellərin qiymətinin əlçatan olması da onların satışına təsir edib. Baş menecerin sözlərinə görə, «Lada»nın analoji modelləri Koreya avtombillərindən 10 min manata qəər daha ucuzdur: «Eyni klasda olan avtomobillərin qiymətini müqayisə etsək, «Lada»lar 5-10 min manat daha ucuzdur. Amma bəzi müştərilər hələ inanmırlar ki, rus maşınları keyfiyyətlidir».
Baş menecer bildirir ki, hələlik «Lada»nın yeni salonlarının açılması nəzərdə tutulmur, şirkət daha çox dilerlərlə işləməyə üstünlük verir. Baxmayaraq ki, satışlar böyükdür və getdikdə artır. Salonların açılmasına isə Rusiyadakı ana şirkət tərəfindən sərt tələblər var: «Məsələn, «Lada» tələb edir ki, dünyadakı bütün salonlar eyni stildə yaradılmalıdır. Bundan başqa, salonun içərisində müəyyən avadanlıqlar olmalıdır. Bayırda satış olmaz, maşınlar yalnız salonun daxilində olmalı, burada avtoyuma məntəqəsi və servis də olmalıdır. Bizim belə bir salonumuz Binəqədidədir».
Z.Bəşirov deyir ki, «Lada»lara marağın əsas səbəbi modellərin dözümlülük, keyfiyyətlilik və qənaətcilliyidir: «Xüsusilə «Qranta» modelləri çox dözümlü və ekonomikdir. Taksi şirətləri müraciət etmişdilər, «Qranta» modelini aldılar. 1,6 litr mühərrik, benzin sərfiyyatı da şəhərdə 7 litr, çox sərfəlidir».
Baş menecer bildirir ki, «Lada»ların əksər avtomat sürət qutusu olan modellərinin azlığı satışları daha sürətli artımağa mane olur: «Avtomat sürət qutusu olmadığına görə, qadın alıcıları itiririk».
Amma gələn ildən «avtomat» modellərin sayı artacaq: «Hazırda avtomat sürət qutusu yalnız «Qranta»dadır, onlar «Vesta»dan da ekonomikdir. Amma gələn ildən başqa modellərin avtomat sürət qutulu variantları da gələcək».
Amma bu «Niva»lara aid deyil, onlar həmişə mexanika sürət qutusu ilə gələcək.
Zakir Bəşirov bildirir ki, hazırda «Lada»ların rəqibləri Koreya avtomobilləridir. Amma onlar «Lada»lardan 10 min manat baha olduğuna görə, qiymət baxımından «Lada»lar daha sərfəlidir. Əvəzində bir qədər əvvəl Azərbaycanda istehsalına başlanmış «Xəzər» avtomobilləri ciddi rəqib sayıla bilər: «Xəzər» maşınları qiymətə görə rəqib ola bilər. Dövlət tərəfindən onlara subsidiya ayrılır və dövlət təşkilatlarına satılır. Keyfiyyəti də yaxşıdır».
Dövlət qurumları «Lada»ları da həvəslə alırlar, yüksək keçiricilik qabiliyyəti olduğuna görə, «Niva»lara dövlət təşkilatları tərəfindən maraq olduqca yüksəkdir.
Baş menecer bildirir ki, qiymətinin aşağı olması ilə yanaşı, «Lada»nın digər üstünlüyü qiymətlərin sabit olmasıdır: «Qiymətlər rus rubluna bağlıdır və o vaxt artır ki, rus rublu bahalaşsın».
Hazırda «Xəzər-Lada»nın əsas həflərindən biri «X-Ray» modellərini həcmini artıraq payını 10%-ə çatdırmaq, eləcə də, ölkənin avtomobil bazarında 50%-ə nail olmaqdır. Hazırda bu göstərici 35% ətrafındadır.