ABŞ iqtisadiyyatında müsbət dinamika davam edərsə, uçot dərəcəsi bu il daha 3 dəfə artırıla bilər. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, bu açıqlamanı San-Fransisko FED-in rəhbəri Con Uilyams (John Williams) Seulda keçirdiyi mətbuat konfransında verib.
C.Uilyams ABŞ iqtisadiyyatının işsizliyin 4,5% səviyyəsindən aşağı düşməsi ilə sürətləndiyini və prosesin davam edəcəyini bildirib.
"FED-in bu il 3 dəfə uçot dərəcəsini artırması baza ssenarisidir. İqtisadiyyat güclənərsə faizlərin 4 dəfə artırılması (mart artımı daxil olmaqla) dəstəklənə bilər", - deyə C.Uilyams bildirib. O, FED-in növbəti addımının balansını azaltmaq olacağını və bu prosesin bu il başlaya biləcəyini ehtimal etdiyini xatırladıb. Balansın normal səviyyəyə gəlməsi üçün isə bir neçə il vaxt lazım olacaq. Uçot dərəcəsinin yaxın illərdə hansı səviyyədə ola biləcəyinə dair suala isə C.Uilyams "nəticədə, mərhələli şəkildə hərəkət edirik və 3% hədəfinə doğru irəliləyirik" - cavabını verib.
C.Uilyams "maliyyə siyasətində 2017-ci ildə heç bir dəyişiklik gözləmirəm. Hər hansı bir dəyişiklik olacaqsa, 2018-2019-cu illərdə ola bilər", - deyə əlavə edib.