Vergi Məcəlləsində gözlənilən dəyişikliklərdən biri də ölkə daxilində yük daşınması ilə məşğul olan hüquqi və fiziki şəxsləridən vergi tutulmasına aid olacaq. Yeniliyə əsasən .yük daşıyıcıları indiyədək olan əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisindən əlavə başqa vergi variantı seçə biləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu ATV-nin “İqtisadi zona” verilişinə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.
Onun sözlərinə görə, yük daşıyıcıları üçün yenri vergi imkanı yaradılacaq: “Bildiyiniz kimi, 2024-cü ildən başlayaraq ölkədaxili yükdaşıma sektorunda vergi rejimi tənzimlənir. Belə ki, bu sahədə fəaliyyət göstərən şəxslər artıq sabit tədiyyə formasından fərqli olaraq, vergitutmanı gəlir və xərclərin fərqi əsasında gəlir və ya mənfəət vergisi, yaxud seçimlərindən asılı olaraq dövriyyədən sadələşdirilmiş vergi hesablanması metodu ilə həyata keçirə bilirlər".
Növbəti ildən isə bu sahədən vergi tutulmasında yenilik olacaq: "Artıq növbəti ildən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün alternativ vergi rejiminin tətbiqi təklif olunur. Onlar ənənəvi vergitutma metodları ilə yanaşı, yəni gəlir və mənfəət vergisi və ya sadələşdirilmiş vergi rejimindən əlavə, dövriyyələri 200 000 manatdan yuxarı olduğu halda, fərdi daşıyıcılar və müəssisələr üçün dövriyyədən 8 % dərəcə ilə sadələşdirilmiş vergi rejimini də seçə biləcəklər. Bu rejimin tətbiqi nəticəsində sahibkarlar dövriyyədən 8 % dərəcə ilə vergi ödəməklə ƏDV və mənfəət vergisi yükü daşımayacaq. Başqa sözlə, qanunvericilikdə onlara alternativ vergitutma rejimi təqdim edilir, sahibkarlar öz seçimlərinə, eləcə də maliyyə-iqtisadi hesablamalarına uyğun olaraq mövcud rejimlərdən birini seçə biləcəklər”, – deyə o qeyd edib.













