Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və VF AzərKredit təşkilatı beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən “DÜŞÜN, BORC AL!” adlı kampaniyanı dəstəkləyir.
AMFA-dan Fed.az-a verilən məlumata görə, beynəlxalq təşkilat olan Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən təşkil edilən kampaniya bu il 15 ölkədə, o cümlədən, Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Gürcüstan, İspaniya, Kosovo, Qazaxıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna və Yunanıstanda həyata keçirilir. Oktyabr ayı ərzində kampaniyanı Azərbaycanda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və VF AzərKredit dəstəkləyəcək.
Kampaniya məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir.
Kampaniya müddətində (oktyabr ayı ərzində) AMFA və VF AzərKredit geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqlar.
Geniş ictimaiyyətin istifadəsi üçün həm də MFC-in onlayn şəkildə təqdim etdiyi Maliyyə Sağlamlığının Yoxlanması üçün Testin demo versiyası təqdim edilir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir. Məsələn, bu alət aylıq gəlirin ən azı 10%-i civarında yığım etməyi, aylıq kredit ödənişlərinə aylıq ümumi gəlirin 20%-dən az məbləğin sərf edilməsinə nəzarət etməyi, növbəti ay üçün büdcənin tərtib edilməsi məqsədilə ayda bir dəfə bütün ailə ilə əyləşib məsləhətləşməyi və sair tövsiyə edir.
Maliyyə sağlamlığının yoxlanması üçün test: my.questbase.com
AMFA vətəndaşlara düşünərək kredit gotürmələrini tövsiyə edir
11:01
17 Okt 2017