Caspian Energy Club Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ziyafəti, habelə yeddinci Caspian Business Award 2022 beynəlxalq mükafatının təqdimat mərasimini keçirib.
FED.az xəbər verir ki, tədbirdə dövlət strukturlarının rəhbərləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, top-menecerlər və Caspian Energy Club-a üzv olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Telman Əliyev, Caspian Energy Club-ın tarixi, fəaliyyət sahəsi və təşkilata daxil olan üzv şirkətlər haqqında danışıb. “Biz fəaliyyətimizi neft-qaz klubu kimi başladığımızda Kluba üzv olan şirkətlərin 100 faizi enerji sektorunu təmsil edirdi. Hal hazırda Klub üzvlərinin 70 faizi qeyri-neft sektorunun nümayəndələridir və qeyd etmək istərdim ki, bu rəqəm qeyri-neft sektorunun həm ölkə daxilində, həm də xaricində nə qədər səmərəli işləməsinin bariz göstəricisidir”, - Telman Əliyev qeyd edib. O, həmçinin Caspian Energy Club pandemiya dövründə 300-dən çox onlayn tədbir təşkil edərək fəallığını davam etdirdiyini deyib. "Biz təkcə sahibkarlar deyil, həm də dövlət rəsmiləri, səfirlər və digər qurum nümayəndələri arasında sıx dialoq quran platformaya çevrilmişik. Biz bir neçə "Grand CEO Lunch" təşkil etdik. Bu tədbirlər əsnasında pandemiya dövründə biznes nümayəndələrini fəal şəkildə dəstəkləyən dövlət qurumlarının nümayəndələrinə təşəkkürnamə sertifikatları təqdim olundu”, - Telman Əliyev bildirib.
Onun sözlərinə görə, dövlət qurumları və sahibkarlar sıx əməkdaşlıq edir, layihələr həyata keçirir, özəl sektorun qarşılaşdığı problemləri birgə həll edirlər.
“Fürsətdən istifadə edərək, Caspian Energy Club-a daxil olan bütün şirkətlərin top-menecerləri adından sahibkarlara yüksək dəstəyin göstərilməsi, Azərbaycana investisiyaların cəlb edilməsi və biznes layihələrinin həyata keçirilməsi sayəsində əlverişli şərait yaratdığlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm”, - deyə Telman Əliyev vurğulayıb.
“Pandemiya bitmədən biz böyuk zəfərin şahidi olduq. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu və bu gün həmin torpaqlarda böyuk yenidənqurma və abadlaşdırma işləri gedir, yeni lahihələr icra olunur. Qeyd etmək istərdim ki Caspian Energy Club-a üzv olan şirkətlərin 60% Qarabağ və Şərqi Zəngəzur bölgəsində yenidənqurma layihələri həyata keçirirlər”, - Telman Əliyev bildirib.
Telman Əliyev mərasim iştirakçılarına həmçinin Caspian Energy Club tərəfindən Azərbaycanın regionlarında və ölkə xaricində təşkil olunan tədbirlər haqqında məlumat verib. “Biz Klubun Qazaxıstan və Gürcüstandakı ofislərinin fəaliyyətini bərpa etdik. Bundan əlavə, Türkiyə, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Almaniya, Polşa və Slovakiya kimi ölkələrdə yeni nümayəndəliklər açdiq. 2023-cü ildə bu siyahını artırmağı planlaşdırırıq. Həmçinin, 20 illik yubiley çərçivəsində biz dünyanın 20 ölkəsində Caspian Energy Forumun 20 xüsusi sessiyasını keçirməyi qərara aldıq. Caspian Energy Forumun əsas ideoloji xətti Yaşıl Enerji və Rəqəmsal Keçiddir. Dünyanın 20 ölkəsində təşkil ediləcək tədbirlər çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda Yaşıl Enerji və İqtisadiyyat Zonasının yaradılmasının müsbət təcrübəsindən danışmağa çalışacağıq”, - deyə Telman Əliyev bildirib.
“Bu il biz Naxçıvan, Şəmkir, Gədəbəy, Ağsu, Şamaxıya bir neçə işgüzar tur təşkil etdik. Şəkidə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun iştirakı ilə B2G forumu təşkil olundu. Bu turlar çərçivəsində biz sahibkarlarla görüşlər keçirdik, bir sıra müəssisələrdə olduq, onların işi ilə tanış olduq. Biz həmçinin startap qurucuları və öz biznesini yaratmaq istəyən tələbələrlə görüşlər keçirdik”, - Telman Əliyev qeyd edib.
Telman Əliyev çıxışı zamanı gənc kadrların işlə təmin olunması mövzusuna da toxunub. "Caspian Energy Club hər zaman gənc nəslə diqqət yetirməyə çalışıb. Ötən il özəl sahibkarlarla əməkdaşlığımız nəticəsində 1200-ə yaxın gəncin Klubun üzvü olan şirkətlərdə işlə təmin olunmasına köməklik etdik”, - Telman Əliyev bildirib.
“Və ənənəvi olaraq çıxışımın sonunda bütün iştirakçılara müraciət edərək, xeyriyyəçilik fəaliyyətlərini davam etdirmək, maddi ehtiyacı olanlara kömək etmək, uşaq evlərinin məzunlarına və əlillərə iş tapmağa kömək etmək, veteranlarımıza və şəhid ailələrimizə birbaşaya da Yaşat Fondu vasitəsilə dəstək olmağa xahiş edirəm. Bu bizim borcumuzdur. 20 ildən artıqdır ki, biz bu qaydaya əməl etmişik və bundan sonra da davam edəcəyik”, - deyə Klub sədri çıxışını yekunlaşdırıb.
Nominantlar Caspian Energy Club-a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib.
Caspian Business Award 2022 mükafatı "Regionların sosial inkişafına verdiyi xüsusi tövhəyə görə" nominasiyasında Azəriqaz İstehsalat Birliyi, "İlin Limanı" nominasiyasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, "Ilin yerli kosmetika və parfümeriya istehsalçısı" nominasiyasında Gazelli Group, "İlin Fərdi Mühafizə Vasitələri istehsalçısı" nominasiyasında Debet Safety, “İnşaat innovasiyaları üzrə ilin şirkəti” nominasiyasında North West Construction MMC, "Tezödə məhsulunun tədbiqinə görə" nominasiyasında Azəricard, "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasında AZPETROL LTD MMC, " İlin Mineral suyu" nominasiyasında Badamlı Mineral Sular MMC, "İlin beynəlxalq konsaltinq şirkəti" nominasiyasında Financial Chain Corporation, "İlin İnspeksiya şirkəti" nominasiyasında STV Engineering, "İqtisadi zonaların Ekoloji layihələrində fəal iştirakına görə" nominasiyasında Yağmur-2 MMC, "İlin Şirniyyat Məhsullarının distribyutor şirkəti" nominasiyasında NANT MMC, "İlin Logistika şirkəti" ASE Logistics, "İlin Otellər şəbəkəsi şirkəti" nominasiyasında Hotels Group, "İlin Hüquq şirkəti" nominasiyasında Mirzayev and Partners Legal Firm Ltd., "İlin elektron avadanlıqlar şəbəkəsi" nominasiyasında Myshops, "İlin qida məhsulları istehsalçısı" nominasiyasında “Ləzzət Qida Sənaye” MMC, "İlin sərgi təşkilatçısı " nominasiyasında Caspian Event Organisers LLC, "İlin Premium aksesuarlar mağazalar şəbəkəsi" nominasiyasında Prime Accessories, "Reklam sahəsinə verdiyi xüsusi töhvəyə görə" nominasiyasında Times Consulting şirkərinin Təsisçisi Elqar Bağırova təqdim olunub.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.