«Araz» marketlərindəki vəziyyət, buradakı məhsulların keyfiyyəti və müştərilərlə münasibətlər, eləcə də baş verəcək yeniliklərlə bağlı FED.az-ın suallarına «Araz supermarket» MMC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Büllurə Əmirova cavab verir.
ELƏCƏ DƏ BAX: «MusicGallery»nin bir mağazası bağlanıb
- Büllurə xanım, bu gün mağazaların, market şəbəkələrinin sayı həddən artıq çoxdur, Necə deyərlər nəsə almaq istəyən müştərilərin geniş seçimi var. Sizcə nəyə görə müştərilər məhz «Araz» marketləri seçməlidirlər?
- «Araz» supermarketlər şəbəkəsi 2011 – ci ildən fəaliyyət göstərir. Müştəri rəğbəti qazanmaq asan məsələ deyil. Lakin “Araz” supermarketlər şəbəkəsi qısa müddətdə bunu edə bilib. Bilirsiz ki, pərakəndəçilik sektoru dinamik inkişaf edən sahədir. Burada stabillik yoxdur. Müştəri bu gün sənin mağazandan alırsa, sabah başqası açılsa, ora üz tutacaq. Daimi müştəri portfelinə sahib olmaq böyük uğurdur. Bu gün “Araz” mağazalarının müştərisi daimi və stabildir. Bir tərəfdən bu, bizi sevindirir, digər tərəfdən isə bu fakt bizi əlbəttə ki, arxayın etməməlidir. İnsanlar çox həssasdırlar. Onlar xidmət və keyfiyyətdən yaxşı anlayırlar. Yaxşını pisdən ayırmağı bacarırlar. Əsas prinsiplərimiz keyfiyyət və xidmətlə göz önündə olmaqdır. Əlbəttə ki, qiymət sərfəli olmalıdır. Biz daima müştərilərimiz üçün maraqlı kampaniya və fürsətlər təqdim edirik. Hesab edirəm ki, bizim mağazalarımızda gündəlik tələbat məhsulları uyğun qiymətlərə təklif olunur.
- Bu gün mağazaya gələn müştəri ən çox nəyə üstünlük verir, qiymətə yoxsa rahatlığa?
- Bilirsiniz, insanlar getdikcə rahatlığa daha çox üstünlük verirlər. Hesab edirəm ki, iki qrup müştərilər var. Birinci qrup, daha çox büdcəyə qənaət edənlərdir. Onlar üçün yer, dizayn, rahatlıq önəmli deyil, yetər ki, ucuz qiymətə tələbat məhsullarını əldə edə bilsinlər. İkinci qrup müştərilər var ki, onlar 5-10 qəpik qiymət fərqini nəzərə almırlar, bu qrup müştərilər rahat, əlverişli, zövqlü şopinqə üstünlük verirlər.
- Bəs «Araz»ın müştəriləri bunlardan hansıdır?
- Biz hər iki müştəri qrupunun tələblərini ödəmək gücündəyik. Qənaət edən müştərilər üçün də, rahat alış-veriş edənlər üçün də “Araz” mağazaları doğru seçimdir.
- Amma yəqin ki, şikayətlər də olur. Müştərilər ən çox nədən şikayət edirlər?
- Müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir. Müştərilərə qarşı həssaslığı «Araz» supermarketlər şəbəkəsinin bütün filiallarında müşahidə edə bilərsiniz. Mağaza rəhbərliyi, mağaza personalı daima bununla bağlı təlimatlandırılır. Müştərilərimizin təklif, irad və istəkləri ciddi şəkildə qəbul olunur və mütləq nəzərə alınır. Biz müştərilərdən daima xoş sözlər eşidirik. Lakin istəməsək də, bəzən qaynar xəttimizə müxtəlif məzmunlu şikayətlər daxil olur. Bu, daha çox qiymət fərqi ilə bağlıdır. Mən burada müştərilərimizə kiçik bir izahat vermək istərdim. Biz mağazalarımızda tez-tez endirimlər edirik. Məhsulun qiyməti sistemdə dəyişilir, bəzən olur ki, vitrində bu qiymət əksini tapmır. Ona görə də, hər bir müştəri kassa qəbzi götürərkən baxa bilər və belə bir halla rastlaşarsa dərhal kassirə və yaxud mağaza rəhbərliyinə müraciət edə bilər.
- Bu şikayətlər necə araşdırılır? Sonda şikayət edənə cavab verilir?
- Müştərilərimiz tam əmin olsunlar ki, onların hər bir şikayəti ciddi şəkildə araşdırılır. Fürsətdən istifadə edərək, müştərilərimizə səslənirəm ki, “Araz” supermarketlər şəbəkəsinin bütün filiallarında keçərli olan müştəri hüquqları mövcuddur. Bu haqda həm rəsmi saytımızdan, həm sosial media hesablarından, həm də marketlərimizdən məlumat ala bilərlər. Onu da bildirmək istəyirəm ki, (012) 924 nömrəsi bizim qaynar xəttimizdir və səhər saat 9:00 -dan gecə saat 23:00 -a qədər aktivdir. Bundan başqa (+994 55) 515 85 97 whatsapp nömrəmiz var, eyni zamanda müştərilərimiz rəsmi facebook səhifəmizə də yazıb şikayət, irad və təkliflərini bildirə bilərlər.
- Satdığınız məhsulların keyfiyyətinə əminsiniz? Ona necə nəzarət edirsiniz?
- Keyfiyyət məsələsi bizim prioritetimizdir. Biz sahibkarlardan, istehsalçılardan, keyfiyyət və uyğunluq sertifikatları tələb edirik. Bundan başqa “Araz” supermarketlər şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi tərəfindən yoxlanışdan keçməyən heç bir məhsul satışa çıxarılmır. Bizim logistika mərkəzinə daxil olan məhsullardan (hər partiyadan) nümunələr götürülür və laboratoriyaya göndərilir. Laborator analizlərdən uğurla keçən məhsullar marketlərdə satışa çıxarılır. Bundan başqa, bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Bizim şəxsi markalarımız (Private label–PL) var ki, ən yüksək texnologiya və keyfiyyətdə istehsal olunur.
- Büllurə xanım, artıq bu il başa çatır, şirkətlərin əksəriyyəti də mühüm dəyişikliklərə ilin əvvəlindən başlayırlar. «Araz» supermarketlərində gələn ildən nə yeniliklər gözlənilir.
- Bu suala cavab vermək böyük həyəcan və məsuliyyətdir. Yeni ildə müştərilərə olduqca maraqlı, fərqli və əlverişli təkliflərimiz olacaq. “Araz” supermarketlər şəbəkəsində bir sıra yeniliklər olacaq ki, müştərilərimiz bunu mütləq hiss edəcəklər. Biz, büdcəsinə qənaət edən, alış-veriş zamanı xoş münasibət, səmimi mühit görmək istəyən istehlakçıları mağazalarımıza dəvət edirik. Daima yeniliklərə yadda qalan, ölkəmizdə market mədəniyyətinin inkişaf etdirilməsində böyük rola malik olan “Araz” supermarketlər şəbəkəsi həm də müasir pərakəndəçiliyin uğurlu nümunəsidir. Müştəri məmnuniyyəti, keyfiyyətli məhsul və yüksək xidmət isə bizim dəyişməz prinsiplərimizdir.