Azərbaycanda iş adamları üzləşdikləri problemlərlə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə onlayn şikayət edə biləcəklər. FED.az xəbər verir ki, bu Agentliyin şikayətlərə online baxılması sisteminin işə düşməsi sayəsində mümkün olub. Hazırda həmin sistem Bakıda keçirilən "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş olunur.
ELECƏ DƏ BAX: Şirkətlərin qeydiyyatında yenilik - QANUN DƏYİŞDİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yaradılan “Sahibkarlara Dəstək Sistemi” sahibkarların hüquqları ilə bağlı müraciətlərə baxılması və onların operativ həlli ilə üçün online platformadır.
Sahibkarların portala girişi elektron imza vasitəsilə həyata keçiriləcək. Portal müvafiq dövlət informasiya sistemlərinə inteqrasiya edilib ki, bu da sahibkarı sistemə avtomatik tanıdacaq. Sahibkarlar portala daxil olaraq müraciətini qısa zaman ərzində formalaşdırıb göndərdikdən sonra müraciət portalın sistemi vasitəsilə agentliyə yönəldiləcək. Müraciətin araşdırılması məqsədilə aidiyyətı dövlət qurumuna müraciət ünvanlanacaq. Aidiyyəti dövlət qurumu öz interfeysindən bu müraciət haqqında məlumat alacaq, müraciəti araşdırıb nəticəsi barədə agentliyi məlumatlandıracaq.
Sahibkar öz interfeysində bütün bu prosesi statuslara uyğun izləmə imkanına malik olacaq.
Müraciətlərə onların xarakterindən asılı olaraq çevik reaksiyanın təmin edilməsi məqsədilə portalda üçtərəfli görüşlərin (sahibkar, müraciət edilən qurum və agentlik) təyin edilməsi funksiyası da mövcuddur. Bu, mövcud halların yerində araşdırıb operativ həll etməyə imkan verəcək.
Portalın sahibkara verdiyi üstünlüklər fiziki iştirak olmadan online rejimdə müraciət imkanını yaratması, müraciətə baxılmasının sahibkar tərəfindən hər addım üzrə izlənə bilməsi, vaxt itkisinin aradan qaldırması, müraciətlərə baxılmasında şəffaflığın təmin edilməsidir.
Agentlik isə portal vasitəsilə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək.